Bu gün:

Telegram istifadəçiləri ekstremist qruplara yönəldir


BBC-yə eksklüziv şəkildə təqdim edilən yeni bir araşdırmaya görə, sosial media platforması Telegram ekstremist məzmunları təşviq edən bir alqoritm istifadə edir.


ABŞ-da yerləşən “Southern Poverty Law Center” (SPLC) adlı vətəndaş hüquqları təşkilatının hesabatına əsasən, ötən il tətbiq edilən “oxşar kanallar” funksiyası hətta məşhurlar və ya texnologiya mövzularında axtarış edən istifadəçilərə belə ekstremist kanalları tövsiyə edir.


Bir professor həmçinin BBC Panorama proqramına Telegram-da cəmi bir neçə dəqiqə ərzində Uzi yüngül pulemyotunu 850 funt-sterlinqə Böyük Britaniyaya göndərməyi təklif edən biri ilə necə əlaqə qurduğunu nümayiş etdirib.

Telegram isə istifadəçilərinə yalnız qarşılıqlı əlaqəyə girməyi seçdikləri məzmunların təqdim olunduğunu və hər gün milyonlarla zərərli məzmunun silindiyini bildirir.


Şirkətin qurucusu, rusiyalı milyarder Pavel Durov, platformasında cinayətlərin qarşısını ala bilmədiyinə görə Fransada rəsmi istintaq altındadır. O, iddiaları rədd edir.

Gizlilik xüsusiyyətləri ilə bazarlanan mesajlaşma tətbiqi olan Telegram, təxminən bir milyard istifadəçisinin eyni anda 200.000 nəfərə qədər mesaj və video yayımlaya biləcəyi qruplar yaratmağa imkan verir.

SPLC tədqiqatçıları “Telegram-ın Zəhərli Tövsiyələri” adlı hesabatlarını hazırlamaq üçün platformadakı 28.000 kanalı araşdırıb.


Adi mövzularla maraqlanan istifadəçilərə ekstremist məzmunların tövsiyə edildiyi, hökumət əleyhinə nəzəriyyələr kimi müəyyən ekstremist məzmunlara baxan istifadəçilərin isə antisemitizm və ya ağ millətçilik kimi digər ekstremist ideologiyalara yönləndirildiyi müəyyən edilib.


Baş tədqiqatçı Meqan Squire, yeni açılan Telegram hesabında “Donald Tramp” axtarışı edərək alqoritmin necə işlədiyini nümayiş etdirib.

“Oxşar kanallar” tövsiyələrinin dərhal altında, heç bir sübut olmadan Donald Trampın hökumət, biznes və media sahələrindəki şeytana sitayiş edən pedofillərə qarşı gizli müharibə apardığını iddia edən Q-Anon konspirasiya nəzəriyyəsini dəstəkləyən kanallar görünürdü.


“İngiltərə iğtişaşları” üçün aparılan başqa bir axtarışın nəticəsində Adolf Hitlerin şəkli ilə bağlı bir məzmun və ardınca şiddət tərəfdarı sağ ekstremist qruplar tərəfindən idarə olunan bir sıra kanal tövsiyə edilib.

“Bu qruplardan bəziləri olduqca aktivdir. Yalnız Telegram-da şəkillər və məlumatlar almırsınız, həqiqi tədbirlərə də qoşulursunuz. Onlar insanların iştirak etdiyi yerli tədbirlər təşkil edirlər,” deyə xanım Squire bildirib.


Avqust ayında Southport şəhərində baş verən bıçaqlanma hadisəsindən sonra iğtişaşlara səbəb olan saatlarda Telegram istifadəçiləri ilk etiraz çağırışlarını dərc etdilər və hücumda şübhəli şəxsin sığınacaq axtaran biri olduğuna dair əsassız iddialar irəli sürdülər.


BBC Panorama proqramına danışan Meqan Squire, araşdırmalarının Telegram-ın “rəqəmsal bir təhdidə” çevrildiyini göstərdiyini deyib.

“1-dən 10-a qədər bir miqyasda Telegram-ın 11 olduğunu deyə bilərəm. O, böyük miqdarda cinayət və ekstremist məzmun yayır. Mənim üçün bu, son dərəcə təhlükəlidir” - o deyib.


Telegram-da altı il yüksək vəzifədə çalışmış Elias Kampo isə Panorama-ya bildirib ki, 2021-ci ildə Pavel Durov-a ekstremist məzmunlarla bağlı meydan oxuyub.

“Onun mövqeyi belə idi ki, kimin danışıb-danışmayacağına qərar vermək bizim platformamızın işi deyil. Ona görə də bu məsələyə əlavə resurs ayırmaq istəmirdi,” deyə Kampo bildirib.


Telegram-da qanunsuz məzmunları altı ildir araşdıran Georgia State Universitetinin professoru Devid Maymon isə Telegram-ın dələduzlar üçün vasitələrdən tutmuş silahlara qədər hər şeyi təqdim edən on minlərlə kanal olduğunu deyib.

“Telegram cinayətkarların cinayət törətmək üçün istifadə etdiyi ən vacib platformalardan biridir,” deyə o bildirib.


Fransız rəsmiləri Pavel Durovu narkotik ticarəti, təşkil olunmuş cinayət və Telegram-da uşaq istismarına aid görüntülərin paylaşılması ilə əlaqəli olmaqda ittiham edir. Hal-hazırda Pavel Durov zaminə buraxılıb və Fransadan çıxmasına icazə verilmir.


Telegram isə ekstremist və qanunsuz məzmunu ciddi qəbul etdiyini və moderasiya komandalarının süni intellekt vasitəsilə hər gün milyonlarla zərərli məzmunu sildiyini bildirir.

Şirkət istifadəçilərə yalnız abunə olduqları məzmunların təqdim edildiyini və “heç bir məzmunun təbliğ olunmadığını və ya tövsiyə edilmədiyini” qeyd edir.


Telegram, “Kanal tövsiyələri funksiyası yalnız istifadəçinin artıq izlədiyi kanallarla eyni mövzuda olan kanalları göstərir. Bu yanaşma, istifadəçilərə yalnız seçdikləri məzmunların təqdim olunmasını təmin edir. Bu, digər platformaların tövsiyə üsullarından tamamilə fərqlidir” deyə bildirib.


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et