
Google Çatı şirkəti "Alphabet" vasitəsilə kvant çipini təqdim edib. “Willow” adlanan bu çip bu günə qədər açıqlanan ən qabaqcıl kvant çipi olaraq diqqət çəkir. İddia edilir ki, çip klassik super kompüterlərin 10 septilyon il astronomik vaxt alacağı problemi cəmi 5 dəqiqəyə həll edə bilir. Bu inkişaf dünyasında əhəmiyyətli müzakirələrə səbəb olub.
Willow kvant dünyasında yeni era...
Willow hissəciklər fizikasının əsas prinsiplərindən istifadə edərək genişmiqyaslı kvant kompüterlərinə yol açmağı hədəfləyən texnoloji möcüzədir. Google bildirir ki, bu çip gələcəkdə kvant kompüterlərinin praktik istifadəsini təmin edəcək mühüm addımdır. Bununla belə, ekspertlər vurğulayırlar ki, bu texnologiya hələ inkişaf mərhələsindədir və onun tətbiqi uzun illər çəkə bilər.
Willow hazırda eksperimental cihaz hesab olunur. Bununla belə, kvant hesablama qabiliyyətinin inkişafı ilə bir çox sektorlar üçün oyun qaydalarını dəyişdirmə potensialına malik olduğu ifadə edilir.
Bitkoin və kvant çipləri: Kripto dünyası təhlükə altındadırmı?
İddia olunur ki, kvant kompüterləri Bitkoin tərəfindən istifadə edilən "SHA-256" və "ECDSA" şifrələmə alqoritmlərini pozacaq qədər güclü ola bilər. Bu alqoritmləri günümüz texnologiyası ilə həll etmək qeyri-mümkün görünsə də, kvant texnologiyasında gələcək inkişaflar bu vəziyyəti dəyişə bilər.
Bitkoinin ixtiraçısı Satoshi Nakamoto hələ 2010-cu ildə belə riskləri proqnozlaşdırıb və Bitkoin şəbəkəsinin daha güclü şifrələmə modelinə keçmək üçün çevikliyə malik olduğunu bildirib. Lakin belə bir keçidin həm cəmiyyət daxilində ciddi müzakirələrə, həm də texniki çətinliklərə səbəb olacağı düşünülür.
Kvant texnologiyası həqiqətən təhlükədirmi?
Mütəxəssislər bildirirlər ki, kvant kompüterləri hazırkı formada Bitkoin və buna bənzər şəbəkələr üçün təhlükə yaratmır. Bununla belə, kvant texnologiyasının sürətlə inkişaf etdiyi bir dünyada kripto şəbəkələrinin bu yeni reallığa uyğunlaşmalı olacağı qaçılmaz bir həqiqətdir.
"Willow"un tətbiqi ilə kripto dünyası həm kvant texnologiyasına, həm də bu texnologiyanın potensial təsirlərinə qarşı hazırlanmağın yollarını axtarır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
