
Süni intellekt sahəsində tanınmış mütəxəssislərdən biri olan Fei-Fei Linin qurduğu "World Labs" startapı ilk innovativ layihəsini təqdim edib. Bu layihə, tək bir şəkildən video oyunlara bənzər interaktiv və dəyişdirilə bilən 3D səhnələr yaratmağa imkan verir.
Şirkətin rəsmi bloq yazısında texnologiyanın imkanları belə təsvir edilib: "Texnologiyamız sizə istənilən şəkilə daxil olmağa və onu 3D mühitdə araşdırmağa imkan verir. Giriş şəkilindən başqa, hər şey avtomatik olaraq yaradılır".
"World Labs" tərəfindən təqdim olunan səhnələr canlı olaraq brauzerdə şəkil, video və ya animasiya şəklində təqdim edilir və tənzimlənə bilən dərinlik effekti (DoF) ilə təchiz edilir. İstifadəçilər klaviatura və siçandan istifadə edərək bu səhnələri qarşılıqlı əlaqə şəklində araşdıra bilirlər.
Sistem tərəfindən yaradılan səhnələr bir qədər cizgi filmi stilində görünməsinə baxmayaraq, texnologiyanın gələcəkdə daha realistik 3D təcrübələr təqdim edəcəyi gözlənilir.
Bu innovativ addım, şəkilləri 3D modellərə çevirmək üçün yeni standartlar formalaşdıra bilər. Hazırda bu texnologiyanın demo versiyasını "World Labs"ın rəsmi saytından əldə etmək mümkündür.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
