Bu gün:

“Polad Həşimovun qisasını almağa gedəcəyəm”-MÜSAHİBƏ


Azərbaycan haqq savaşında, öz torpaqları uğrunda ll Qarabağ müharibəsində 2787 şəhid verdi. Bu qəhrəmanlarımız adlarını  tarixin şanlı səhifələrinə qızıl hərflərlə  yazdılar.

24Media-nın  budəfəki müsahibi 2787 qəhrəmandan biri olan  Hümbətov Emil Tərlan oğlunun anası Sevinc xanımdır.

"Oğlum Türkiyədə işləyirdi. Karantinlə əlaqədar olaraq evə qayıtmışdı. Yayda ,Tovuz döyüşlərində, Polad Həşimovun şəhid olduğu xəbəri ona çox pis təsir etmişdi. Belə deyirdi: "Ana, mən əsgərlikdə olanda o mənim komandirim olub. O qədər yaxşılığı keçib ki, hamımıza". Bir az vaxt keçdi. Dayısıgilə getmişdik, hərbi biletini çıxarıb göstərdi və dedi ki, gedib orduya könüllü yazılmışam: "Polad Həşimovun qisasını almağa gedirəm". Hamımız çox təəccübləndik. Heç düşünmürdük ki, müharibə olar.

Sonra biz onu işə düzəltdik. Sentyabrın 1-i işə çıxdı. Sentyabrın 21-i  səhər işə gedəndə zəng gəldi ki, hərbi biletini götürüb hərbi komissarlığa gəlməlisən. Hərbi biletini qayıdıb evdən götürdü. "Oğlum, tez get, işə gecikmə", - dedim. Ağlıma gəlməzdi ki, oğlumu elə oradan apararlar. İşdə idim, mənə komissarlıqdan zəng elədi: "Ana, bizi təlimə aparırlar, mən gedirəm". Oğlumu axırıncı dəfə yola sala bilmədim...

23-ü zəng elədi, hal-əhval tutdu. Sonra sentyabrın 26-sı zəng gəldi ki, "Bizi silahlandırıblar, yuxarı qalxırıq". Çox da danışa bilmədik, sadəcə "Özünü qoru, Allaha əmanət ol" dedim. Axırıncı dəfə oktyabrın 11-i zəng gəldi. "Ana, hərşey yaxşıdır. Özünüzü qoruyun. Biz torpaqları ala-ala gedirik",- dedi.

Oğlumun səsini axırıncı dəfə onda eşitdim. Oktyabrın 12-si şəhid olduğunun xəbəri gəldi. Oğlum I Qarabağ  müharibəsi  ilində doğulub, II Qarabağ müharibəsində də şəhid oldu. Oktyabrın 30-u 28 yaşı olacaqdı. Türkiyədə olduğuna görə 4 il idi ki, biz onun doğum gününü qeyd edə bilmirdik. Bizə deyirdi ki, "Özümə bu il elə ad günü keçirəcəm ki, hamı bundan danışacaq". Elə də oldu. Biz onun doğum gününü onun şəhid adı ilə qeyd etdik..."

Qeyd edək ki, Hümbətov Emil Tərlan oğlu 1992-ci il oktyabrın 30-u Şirvan Şəhərində doğulub. 12 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Paylaş
Şərh əlavə et