Bu gün:

Evdəki gərginliyin nəticəsi: Uşaqlarda gecə qorxuları


Tez-tez övladınız yuxudan qışqıraraq və ağlayaraq oyanırsa, öz yatağında yatmaq istəmir, yuxu vaxtı yaxınlaşdıqca qəzəblənirsə, bunun səbəbi gecə qorxusu ola bilər. Bu qorxular çox zaman evdəki gərginliklərdən qaynaqlanır.

Gecə qorxuları uşaqlarda ən çox rast gəlinən qorxulardan biridir. Gecə qorxuları və kabuslar həm uşaqların yuxu keyfiyyətini aşağı salır, həm də onların psixoloji cəhətdən sarsılmasına səbəb olur. Gecə qorxularının yuxu pozğunluğunun bir növü olduğunu söyləyən mütəxəssis klinik psixoloq/psixoterapevt Fundem Ece bu problemi belə izah edir: “Gecə qorxusu uşağın yuxudan, təxminən, 2-3 saat sonra ağlayıb qışqıraraq qorxu içində gözlərini açması halıdır. Bu vəziyyətdə uşaq yuxudadır, lakin körpənin gözləri açıq olduğundan valideynlər uşağın oyaq olduğunu düşünürlər. Ona görə də, gözlər boş və hərəkətsizdir. Uşaq bu vaxt oyanmazsa, səhərlər ağır yuxuda olduğu üçün bu vəziyyəti xatırlamayacaq. Bu vəziyyət 30 saniyədən 3 dəqiqəyə qədər davam edə bilər. Yoruğunluqla bu yuxu pozğunluğunun tezliyində artım ola bilər. Bu səbəbdən bunu yaşayan uşaqlar üçün gündüz yuxuları tövsiyə oluna bilər".

Uşaqlar 5 yaşından əvvəl yuxu ilə reallığı ayırd edə bilmirlər

Klinik psixoloq Ece qorxuların 2-6 yaş dövründə zehni və emosional inkişaf prosesinin bir xüsusiyyəti olaraq ortaya çıxmasının normal olduğunu bildirir. Bu qorxuların uşaqların yuxu rejimini pozduğunu və valideynlərdən asılılıq səviyyəsinin artdığını vurğulayaraq normal gedişatın yoldan çıxdığını nəzərə almaq lazımdır.

Psixoloq xatırladır ki, 5 yaşından əvvəl uşaqlar yuxu ilə reallığı ayırmaqda çətinlik çəkirlər, ona görə də gecə qorxuları onlar üçün kifayət qədər real və qorxuludur. Uşaqların yuxularında gördükləri və ya zehnində canlandırdıqları hadisələri gerçək kimi qəbul etdiklərini izah edən Ece deyir: "Məsələn, yuxusunda çarpayısının yanında pişik varsa, "bax burada pişik yoxdur" deməyiniz mənasızdır. Çünki özü bir az əvvəl çarpayısının yanında bir pişik görüb və o an ona görə, həqiqətən də, bir pişik  var. Bu vəziyyət uşağın həm yuxu keyfiyyətini, həm də psixoloji vəziyyətinə dərin təsir göstərir. Bu qorxu halı uşaqlarda yatdıqdan təxminən 1-2 saat sonra ortaya çıxır və ani olaraq yuxunu bölür. Uşaqlarda gərginlik, ağlama, hətta titrəmə kimi əlamətlər ola bilər".

Gərgin və ya həyəcanlı ola bilər

Ece uşağın yatmazdan dərhal əvvəl əsəbləşməsinin və ya həyəcanının gecə qorxusunu ortaya çıxara biləcəyinə diqqət çəkir. Evdəki gərginlik və uşağın sıx stresə məruz qalması kimi faktorların gecə qorxusuna səbəb ola biləcəyini xatırladan psixoloq gecə qorxusu olan uşaqlarda müşahidə edilən əlamətləri belə sıralayır: "Yuxuya gedənə qədər valideynlərinin otaqlarında qalmaqlarını istəməsi, yuxudan qorxaraq oyanması, ağlamaq və qışqırmaq kimi reaksiyalar göstərməsi, öz yatağında yatmamaq, yatmaq vaxtı yaxınlaşdıqda əsəbiləşməsi, ürək döyüntüsü, titrəmə və s.

"Qorxulu bir şey yoxdur" deməyin

Klinik psixoloq Ece gecə qorxusu olan uşaqlarda yuxuya getmə vaxtının yaxınlaşması ilə uşağı rahatlaşdıracaq və narahatlığını azaldacaq fəaliyyətlərin edilə biləcəyini söyləyir. Eyni zamanda, psixoloq gecə işığı yanılı və ya qapını açıq qoymağın, ehtiyac duyduqda yanında olacağını söyləməyin uşağın gecə qorxusunun aradan qaldırılmasında faydalı olacağını vurğulayır. 

"Uşağınız gecə yuxudan oyanıb sizin yatağınızda qalmaq istəyirsə, onu otağına aparıb yenidən yuxuya getməsini təmin etməlisiniz. Əvvəlcə, onu təsəlli etməli, sonra da öz yatağında yatması üçün dəstək olmalısınız".

Ece: "Uşağın qorxuları barədə onunla danışın. Lakin sanki qorxuları yoxmuş kimi "Qorxulacaq bir şey yoxdur" kimi sözlərlə yaxınlaşmayın və yaşadığı duyğulara hörmətlə yanaşın. Bunları tətbiq etdiyiniz halda, gecə qorxuları eyni ağırlıqda və sıxlıqda davam edirsə, uşağınızın gündəlik fəaliyyətlərinə təsir göstərirsə, bir mütəxəssisə müraciət edin.

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et