Bu gün:

“Hamı bilir ki, mənim çərçivələrim var” – MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi canlandırdığı çoxsaylı obrazlarla yadda qalmağı bacaran, Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan Günel Məmmədovadır.


Müsahibələrinizin birində aparıcı olmaq istədiyinizi, teatr aləmini bir o qədər də bəyənmədiyinizi bildirmisiniz. Sonra nə baş verdi ki, teatrda fəaliyyətinizi davam etdirdiniz?


- Mən heç vaxt teatr aləmini bəyənmədiyimi deməmişəm və deyədə bilmərəm. Sadəcə kino aktrisası və aparıcı olmaq istədiyimi demişəm, amma teatra gələndən sonra bura sevgim böyüdü. Çünki teatr tam başqa aləmdir.Tamaşaçı ilə canlı ünsiyyət, tamaşaçının gözünün içinə baxıb onunla heç bir divar olmadan hissləri yaşamaq əvəzolunmazdır və sonda tamaşaçı alqışı, "Bravo!" deyə qışqırmaları bir başqa aləmdir. Əfsuslar olsun ki, hazırda müəyyən səbəblərə görə teatrdan uzaq düşsəm də, teatr həmişə mənimlədir. Mən tamaşaçılar üçün çox darıxmışam, həm böyük, həm də balaca şirinlərim üçün. İnşallah tezliklə bu həsrət bitər və mən yenidən məni sevən tamaşaçılarıma qovuşaram.

Günel xanım, fəaliyyətinizdə hansı yeniliklər var?

- Yeniliklər çoxdur, iki tammetrajlı bədii film təhvil verdim. Hazırda işlər gedir, amma bu haqda hələ ki, danışmaq istəmirəm. Mən o insanlardanam ki, iş tam olaraq bitəndən sonra bu haqda bəyan edirəm.

İndiyədək sizə təklif olunan hansı roldan imtina edib və sonra peşman olmusunuz?


- Bir çox rollardan imtina etmişəm. Təbii ki, söhbət kino sahəsindən gedir. Başqa aktrisalar bu rolları oynayıblar deyə adlarını çəkmək istəmirəm. Hamı bilir ki, mənim çərçivələrim var və mən bu çərçivələri aşmıram. Elə obrazlar var ki, bu çərçivələrsiz olmur. İki obraz var, onları, həqiqətən də, oynamaq istərdim. Çünki aktrisa üçün bu obrazda işləməyə material çox geniş olub, amma yenə də təklif olunsa, yenə də imtina edərdim.

Çərçivələriniz nədən ibarətdir?

- Məncə, çərçivələrimi açıqlasam, digər icra edən aktrisalara hörmətsizlik olar. Mən həmin aktrisaları alqışlayıram. Onlar cəsarətlidirlər. Mən peşəmi çox sevirəm, amma mənim üçün bu çərçivələr vazkeçilməzdir.

Yerli və xarici aktyor, aktrisalardan özünüzə örnək hesab etdiyiniz, fəaliyyətindən bəhrələndiyiniz şəxslər varmı?


- Mənə sənət müəllimlərim örnək olub, onlar olmasaydı, indi siz məndən müsahibə almazdınız. Məni mən edən ilk öncə Allahım, valideynlər və sənət müəllimlərim olub. Rafiq Əliyevə Allah rəhmət eləsin, onun əməyi üstümdə çoxdur. Mən sənətə kinoyla başlasam da, əlimdən tutub məni teatra gətirən, tamaşaçılara sevdirən Rafiq müəllim olub. Mən onun çörəyini yeyirəm və hər zaman əlimdən gələni edəcəm ki, onun adına layiq tələbə olum. Fuad Poladova da Allah rəhmət eləsin, o insan mənim üçün həm bir şəxsiyyət, həm də aktyor kimi əvəzsizdir. Mən onu o qədər çox istəyirdim ki. Son anına qədər hər zaman mənə dəstək oldu. Allah can sağlığı versin Şəfiqə Məmmədovaya, Şükufə Yusupovaya, Firdovsi Atakişiyevə, Fəxrəddin Manafova və digər sənətkarlarımıza. Heç zaman dəstəklərini əsirgəmədilər. Teatrda Vaqif Əsədova da borcluyam. Çünki ən maraqlı və fərqli obrazları həmişə mənə həvalə edib. Mənə dərs deməsə də, teatrda  mənə çox şey öyrədib. Bu insanla işləməkdən zövq alıram.
Yerli aktyorlarımızdan sevdiklərim çoxdur. Korifeylərimiz Nəsibə Zeynalova, Yaşar Nuri, Həsən Turabov və s. hər biri əvəzolunmazdır.
Xaricilərdən isə, məsələn, Meryl Streep mənim üçün çox maraqlı aktrisadır. Robert De Niro, Al Pacino və Tim Roth sevdiklərimdəndir. Tim Roth, ümumiyyətlə, plastlindir, özünəməxsus individuallığı məni valeh edir.

Teatrda və ya film çəkilişi zamanı başınıza gələn maraqlı hadisələrdən birini bölüşə bilərsinizmi?


- Mənim başıma həmişə məzəli hadisələr gəlir, amma bir hadisəni heç vaxt unutmaram. Mən xaricdə bir filmə çəkilirdim və orada bir epizod varıydı ki, mənim üstümə çoxlu ilan tökməliydilər. Mən də, sözün düzü, öncə düşündüm ki, ilanlar həqiqi olmaz. Sonra üstümə atanda gördüm ki, həqiqi ilanlardır. Təbii ki, özümü sındırmadım, amma heç bilmədim ki, qorxdum, ya yox. Mən ilanları sevirəm, amma heç vaxt nə əlimdə olub, nə də rastıma çıxıblar. Onlar üstümdə sürünəndə məndə çox qəribə, sözlə ifadə edə bilmədiyim hisslər varıydı. Özü də onların dərisi soyuq olur. Səhərisi gün bütün vücudum, üzüm səpmişdi. 15-16 gün çəkiliş dayandı.

Olmaq istədiyiniz yerdəsinizmi?


- İnsan elə varlıqdır ki, o, heç vaxt əldə etdiyi ilə kifayətlənmir. Mən Allahıma, həyata şükür edib çox sağ ol deyirəm ki, hazırda indiki yerdəyəm, amma istədiyim yerdə də olacam, mütləq! Mənim həmişə şansım gətirib. Sadəcə ya ailəm, ya da ki, müəyyən səbəblər olub ki, imtina etmək məcburiyyətində olmuşam. İndi də hamılıqla peşmanıq. Amma mən şanslı biriyəm və Allahım məni çox sevir. Çünki bəndə nə qədər də mənim yollarımı, qapılarımı bağlamaq istəsə də, Allah mənə qapılarımı açır, şükürlər olsun.

Kitab oxumağı sevirsinizmi? Sevirsinizsə, hansı əsərləri tövsiyə edərdiniz?

- Çox sevirəm, düzdür, iş çoxluğundan ola bilsin ki, hansısa bir kitabı gec oxuyub bitirim, amma mütləq oxuyuram. Mən romanları, detektiv janrında yazılmış kitabları çox sevirəm. Bəzən də realistik kitabları. Vladimir Nabokov, Ceyms Coys, Flanneri O'Konnor, Anton Çexov, Ceyn Ostin, Fyodor Dostoyevski, Franz Kafka və digər yazıçıların əsərlərini tövsiyə edərdim.

Haqsızlıq yaşadığınızda nə edirsiniz?

- Bu, nisbi bir şeydir. Hər insan özünə görə haqlı və haqsız ola bilər. Əsas olan sən özün situasiyaya necə yanaşırsan. Əgər mən belə bir halla rastlaşıramsa, mütləq sözümü deyirəm, kimliyindən asılı olmayaraq və yenə də Allahıma tapşırıram. Allah hər şeyi görür və mütləq yerinə qoyur. Heç nə və heç kim bu dünyada cavabsız qalmır.

Xalq olaraq mürəkkəb bir dövrdən keçdik, karantin, virus, müharibə. Bütün bunlar sizə necə təsir etdi?

- Çox pis təsir etdi. Hamı bilir ki, mən çox aktiv həyat sürürəm. Teatr və kinoyla yanaşı, eyni zamanda idman və rəqslə də məşğul oluram. Bu mənə böyük zövq verir. Birdən-birə aktiv həyatdan stabil həyata keçmək çətindir, düzdür, yenə də şükür edirəm. Ev şəraitində də olsa da, idmanla məşğul oluram, amma zalın yerini heç nə verməz.
Müharibə isə daha ağır oldu. Bir yandan sevindik, digər yandan çox üzüldük. Mənim ailə üzvlərimdən, dost-tanışlarımdan da şəhid olan oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə, əzizlərinə Allahdan səbir diləyirəm. Qazilərimizə də Allah kömək olsun. Bütün əsgərlərimizi, hərbiçilərimizi 

Allah qorusun! Biz bu günümüzü onlara borcluyuq!

Paylaş
Şərh əlavə et