Bu gün:

3D printer ilə süni orqan istehsalı


3D printerlər internetin icadından bəri ən mühüm ixtira ola bilər. Dünyanın bir çox ölkələrində universitetlər, özəl qurum və təşkilatlar, laboratoriyalar və institutlar 3D printerlərlə öz tədqiqat layihələrini hazırlamaq üzərində işləyirlər. Həyatın demək olar ki, hər sahəsinə daxil olan internet kimi, 3D printerlər də həyatın hər sahəsində öz yerini tutur.

Fərdi istifadəçilərin də böyük marağına səbəb olan 3D printerlər bu gün səhiyyə sahəsində mühüm inkişaflara töhfə verib. 3D printerlər gələcəkdə indikindən daha çox insanın həyatını xilas edəcək texnologiyanın açarı ola bilər.

Səhiyyə sahəsində, xüsusən də toxuma və orqan transplantasiyasında qlobal qeyri-kafilik alimləri “3D printerlərlə toxuma və orqan istehsalı edilə bilərmi?” sualını verib. Bu nöqtədən başlayaraq elm adamları bu həyəcanlı və ümidverici səyahətə 1999-cu ildə başlayıblar və indi 2022-ci ilə qədər süni ürək istehsal ediblər.

Orqan çapı, adi 3D printerlərə bənzər xüsusi istehsal olunmuş 3D printerin köməyi ilə, plastik və ya insan toxumasından istifadə etməklə kompüter vasitəsilə modelləşdirilmiş orqanın üçölçülü çapı üsuludur. Orqan çapı üçün printerdə insan orqanizminə uyğun olan bioplastikdən istifadə edilir. Halbuki, plastik əvəzinə son illərdə xəstələrdən və ya insanlardan alınan yağ toxuması və hüceyrələri 3D printerlə çap edilib. Bu çap tamamlandıqdan sonra orqan xüsusi kabinetə yerləşdirilir və orada inkişaf edərək hazır olması gözlənilir. Kifayət qədər vaxt keçdikdən sonra orqan xəstəyə implantasiya edilir.

Orqan çapının məqsədi insan orqanizminə tam uyğunlaşa bilən orqanlar istehsal etməkdir. Uğurlu orqan çapı tibb sənayesinin müxtəlif sahələrinə, o cümlədən orqan transplantasiyası, əczaçılıq tədqiqatları və həkimlərin və cərrahların təliminə təsir etmək potensialına malikdir.

İndiyə qədər 3D çap ilə hansı orqanlar istehsal olunub?

3D printerlər sayəsində cərrahi və tibbi cihazların istehsalı ilə yanaşı, ekstremitələrin protezləri və köməkçi eşitmə aparatlarının istehsalına başlanılıb. Bundan əlavə, ağız və diş sağlamlığı sahəsində 3D çap texnikaları sayəsində diş və implant tətbiqləri və deformasiyaya uğramış diş anatomiyasına uyğun diş preparatları tez-tez istifadə edilən tətbiqlərə çevrilib. Ortopedik ayaq, skelet sistemi hissələri, yumşaq toxuma və hüceyrə istehsalı kimi texnologiyalar da gündən-günə inkişaf edir və geniş yayılır.

3D printer ilə istehsal olunan orqanlar:

Ürək

Diş protezi

Sidik kisəsi

Qol protezi

Ayaq protezi

3D çap texnologiyasının inkişaf etdirilməsinin səhiyyə xərclərini azaltmaq, əməliyyatları asanlaşdırmaq, orqan transplantasiyası və sağlamlıq təhsili baxımından böyük faydalar təmin edəcəyi düşünülür.

Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et