Bu gün:

Tırtıllar kəpənək olduqdan sonra yaddaşları sıfırlanırmı?



Tırtıllar baramadan çıxıb kəpənəyə çevrildikdən sonra əvvəlki xatirələri mövcud olur, yoxsa bu xatirələri elə baramadaca qoyub yaddaşlarını sıfırlayırlar?

Orta məktəb biologiya dərsindən xatırlaya biləcəyiniz metamorfoz hadisəsi bu suala cavab verməyimizə kömək edəcək.


Metamorfoz təbiətdəki ən heyrətamiz proseslərdən biridir. Heyvanın bir formadan digərinə çevrilməsi olaraq təyin edə biləcəyimiz bu hadisə, adətən, canlıların görünüş və davranışlarında böyük dəyişikliklərə səbəb olur. Metamorfozun ən məşhur nümunələrindən bəziləri dörd inkişaf mərhələsindən keçən kəpənəklər və güvələrdir: yumurta, sürfə (tırtıl), pupa (xrizalis) və yetkin (kəpənək).

Kəpənəklər və güvələr insanlarla müqayisədə nisbətən sadə sinir sisteminə malik olsalar da, müəyyən yaddaş və öyrənmə qabiliyyətinə malikdirlər. Onların sinir kordları ilə bağlanmış qanqliya adlanan bir neçə neyron qruplarından ibarət beyinləri var.
Elm adamları kəpənəklər və güvələrin tırtıl olaraq öyrəndiklərini xatırlayıb xatırlamadıqları ilə bağlı uzun müddət düşünüblər, lakin metamorfoz zamanı baş verən kəskin dəyişikliklərə görə bu fərziyyəni yoxlamaq çətin olub. 

2008-ci ildə ABŞ-ın Corctaun Universitetindən bir tədqiqat qrupu bu suala cavab vermək üçün dahiyanə bir təcrübə hazırlayıb.
Onlar tırtıllara müəyyən bir qoxunu (etil asetat) yüngül elektrik şoku ilə əlaqələndirməyi öyrədirdilər ki, bu da onlara bundan qaçmağa imkan verirdi. Daha sonra tırtılların yetkin kəpənəklərə çevrilməsini gözlədilər və eyni qoxudan qaçıb qaçmayacağını yoxladılar.


Yetkin güvələrin əksəriyyəti, yetkinliklərində etil asetatla heç vaxt qarşılaşmasalar da, hələ də etil asetata qarşı güclü ikrah nümayiş etdirdilər. Bu, onların tam metamorfoza məruz qalmasına baxmayaraq, tırtıl formasında olduğu günlərdən müəyyən məlumatları hafizələrində saxladıqlarını göstərirdi.


Tədqiqatçılar bu tip yaddaşın qeyri-deklarativ olduğunu, yəni şüurlu xatırlama deyil, keçmiş təcrübəyə əsaslanan avtomatik reaksiya olduğunu bildirdilər.

Mənbə: webtekno
Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et