Bu gün:

Yer kürəsi qızılla örtüləcək qədər sərvətə malikdir


Elmi araşdırmalar Yer kürəsində böyük miqdarda qızıl olduğunu ortaya çıxarıb. Alimlərin hesablamalarına görə, planetimizin nüvəsindəki qızıl ehtiyatı o qədər çoxdur ki, bu qızıl Yer səthini təxminən 45 santimetr qalınlığında bir təbəqə ilə örtə bilər.

Bu fakt elmi və iqtisadi dairələrdə böyük marağa səbəb olub. Yer qabığının səthi qızıl mədənləri baxımından o qədər də zəngin olmasa da, planetimizin iç qatları, xüsusən də, nüvəsi  misli görünməmiş bir xəzinə gizlədir. Nüvənin tərkibindəki qızıl miqdarının planetin ümumi qızıl ehtiyatının 99%- ni təşkil etdiyini bildirilib.

Araşdırmaçılar bu qızılın indiki texnologiyalarla çıxarılmasının mümkün olmadığını qeyd edirlər. Dərin qazıntılar və yüksək temperatur şəraiti bu sərvətə çatmağı demək olar ki, mümkünsüz edir. Ancaq bu məlumatın özü belə, Yer kürəsinin geoloji tarixi və daxili tərkibi haqqında əhəmiyyətli ipucları verir. 

Yer kürəsindəki qızılın əsasən göy cisimlərinin toqquşmaları və geoloji proseslər nəticəsində əmələ gəldiyi düşünülür. Alimlər hesab edirlər ki, planetimizin nüvəsi təkcə qızıl deyil, digər dəyərli metallar baxımından da zəngindir.

Bu elmi kəşf təkcə qızıl ehtiyatlarına diqqət çəkməklə yanaşı, həm də planetimizin tarixindəki sirli prosesləri öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, gələcəkdə bu sərvətə çatmağın mümkünlüyü ilə bağlı yeni texnologiyaların inkişaf etdirilməsini ilhamlandıra bilər.


Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et