Bu gün:

Klassik səs avadanlıqları niyə bu qədər məşhurdur?


Manchester-də yerləşən Mars Tapes mağazasının ortaq sahibi Alex Tadross deyir ki, bu, Böyük Britaniyada yalnız kasetlər satan son mağaza ola bilər. 


İşlər çox uğurlu gedir. Tadross bildirir: “Oasis qrupunun tur xəbəri yayıldıqda onların musiqisi ilə bağlı nəyi varsa, hamısını satdıq. Hər şey sürətlə tükəndi".


80-ci illərin musiqiləri, xüsusilə, Kate Bushun əsərləri də çox populyardır. Onun sözlərinə görə bunun səbəbi, yəqin ki, Kate Bushun musiqisinin Stranger Things adlı məşhur Netflix serialında səsləndirilməsidir.


“Müştəri auditoriyamız qarışıqdır",- deyir Tadross. “Çoxları 20 yaşlarında olan və ilk dəfə kasetlərə maraq göstərən gənclərdir. Digər qismi isə 40-50 yaşlarında nostalji hissi üçün kaset alanlardır. Amma əksəriyyət 30 yaşdan aşağıdır, həmçinin, valideynləri ilə bura gələn çoxlu gənclərimiz var".


Mağazanın öz brendi olan kaset çalarları da diqqət çəkir. Tadross əlavə edir: “Bir neçə nəfər ilk kaset çalarını almaq üçün bura gəldi". 


Mars Tapes-də baş verən bu canlanma köhnə səs avadanlıqlarının təmir edilib yenidən istifadəyə qaytarılması tendensiyasının bir hissəsidir.


Köhnə səs texnologiyasına marağın səbəbi:

Araşdırma məlumatlarına əsasən 2020-2024-cü illər arasında Google-da “yaxınlıqda CD çalar təmirçisi” axtarışları 23%, “yaxınlıqda səs avadanlığı təmirçisi” isə 91% artıb. Statistikanın məlumatına görə 2021-ci ildə qlobal elektronika təmir bazarının dəyəri 122 milyard dollar təşkil edib və 2033-cü ildə bu rəqəmin 240 milyard dollara çatacağı proqnozlaşdırılır.


Bəs, niyə bəzi musiqisevərlər rəqəmsal musiqi xidmətlərinə alternativlər axtarır?


Mütəxəssislərin fikirləri:

Ellen MacArthur Fondundan Sarah Dodge müasir Bluetooth dinamiklərinin və qulaqlıqların köhnə texnikanın xarakterinə sahib olmadığını qeyd edir: “Aşağı qiymət və rahatlıq təklif edən cihazlarla bazar doyub, amma bu, steril və şəxsi olmayan bir təcrübə yaradır"-, deyir.


Mark Maher adlı təmirçi isə insanların köhnə Sony Walkman, radio-kaset çalar və portativ CD çalar kimi avadanlıqlarını yenidən istifadə üçün bərpa etmək istədiyini bildirir.


Təmirin nostalji və ekoloji faydası:

Dodge təmir meylinin dairəvi iqtisadiyyat konsepsiyasına dəstək verdiyini qeyd edir. Bu konsepsiyada materiallar atılmır və təbiətin özünü bərpa etməsinə imkan yaradılır. “Məqsəd məhsulları mümkün qədər uzun müddət istifadə etməkdir. Məsələn, CD çalar zibilliyə atılsa, onun dəyəri itirilir",- deyir.


Xüsusi xatirələr canlanır:

Mark Hammond köhnə bir musiqi cihazını bərpa etdirmək üçün Maherə müraciət edib. Plak çalar həyat yoldaşı Ellenə onun ailəsi tərəfindən 1960-cı ildə hədiyyə olunmuşdu. Maher cihazı Milad bayramına qədər təmir edib, Ellen cihazı işə saldıqda isə Beatles-in “A Hard Day’s Night” mahnısını eşidib. Hammond deyir: “Bu çox duyğusal bir an idi".


Köhnə musiqi cihazlarının təmiri təkcə nostalji hisslər oyatmır, həm də davamlılıq və unikal istifadə təcrübəsi yaradır.


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et