Bu gün:

Al insan ünsiyyətini necə dəyişdirir?


2013-cü ildə nümayiş olunan Her elmi-fantastik dram filmi süni intellektlə ünsiyyətin insanlarla ünsiyyətdən fərqlənə bilməyəcəyini sorğulayırdı. Bu gün həmin səviyyəyə hələ çatmasaq da, süni intellekt (AI) insan münasibətlərini asanlaşdıran bir vasitəyə çevrilməkdədir. Bu fenomen Jeffrey T. Hancock, Mor Naaman və Karen Levy-nin son məqaləsində “AI-Vasitəli Ünsiyyət” (AI-MC) kimi təyin edilir. Onların sözlərinə görə, AI-MC – ağıllı agentin kommunikatorun adından fəaliyyət göstərərək məlumatı dəyişdirdiyi, genişləndirdiyi və ya yenidən formalaşdırdığı ünsiyyət növüdür. Bunun məqsədi ünsiyyət prosesini daha effektiv və məqsədyönlü etməkdir.


AI-MC-nin getdikcə daha geniş yayılmasına baxmayaraq, onun cəmiyyətə təsiri barədə çox az müzakirə aparılır. Süni intellekt insan ünsiyyətini necə dəyişdirəcək və bu sahədə dövlət siyasətinin rolu nə olacaq? Hancock və onun həmkarları süni intellektin ünsiyyət prosesində artan rolunun cəmiyyət üçün hansı əsas problemləri ortaya çıxara biləcəyini araşdırırlar.

Her filmində baş qəhrəman Teodor “Gözəl Əl Yazısı Məktubları” adlı bir şirkətdə yazıçı kimi çalışır. Onun işi inandırıcı şəkildə başqalarının adından məktublar yazmaqdır. Bu baxımdan, süni intellekt də Teodorun yerinə yetirdiyi funksiyanı icra edir. Hazırda biz də süni intellektin ünsiyyətimizi asanlaşdırmasına etibar edirik – avtomatik düzəlişlərdən və proqnozlaşdırılan mətnlərdən tutmuş ağıllı cavablar və avtomatik tamamlamaya qədər. Hancock və digərləri izah edir ki, süni intellekt mesajların etibarlılığını və ya şəkillərin cəlbediciliyini optimallaşdırmaq üçün müxtəlif funksiyalar icra edə bilər. Bunlar kiçik dəyişikliklər – məsələn, orfoqrafiyanı düzəltmək və cavab təklif etmək – ola biləcəyi kimi, tam bir mesaj yaratmaq və videolarda görünüşü dəyişdirmək kimi daha böyük müdaxilələr də ola bilər. Hətta AI artıq yalnız mesaj təklif etmir, o, tamamilə müstəqil şəkildə söhbətlər də apara bilir. Üstəlik, bu rollar həm mesaj göndəricisinin, həm də alıcının adından yerinə yetirilə bilər.

Süni intellektin ünsiyyətdə müxtəlif səviyyələrdə iştirakı həm həyəcanverici, həm də narahatlıq doğuran bir məsələdir. Bu tendensiyanın nəticələri barədə düşünərkən, Hancock və digərləri kiçik dəyişikliklərlə başlamağı və süni intellektin ünsiyyətdəki rolunun dizayn seçimlərindən necə asılı olduğunu nəzərə almağı tövsiyə edirlər. Bu qərarlar AI-nin mesajlarımızın formalaşdırılmasına nə dərəcədə təsir etdiyini dərk etməyimizə təsir edə bilər. Bununla yanaşı, insanlar süni intellekt tərəfindən yaradılan məzmuna qarşı fərqli yanaşa bilərlər – bəzi hallarda bu cür məzmun daha az etibarlı və ya maraqlı görünə bilər.

Eyni zamanda, süni intellektin ünsiyyətdə hansı məqsədlər üçün istifadəsinin məqbul olduğu da vacib suallardan biridir. Məsələn, insanlar AI-nin tərcümə və ya avtomatik düzəlişlər üçün istifadəsini qəbul edirlər, bəs öz sosial media profillərini optimallaşdırmaq və ya özlərini təqdim etmək üçün ondan istifadə edəcəklərmi? Bu suallar süni intellektin insan ünsiyyətinə təsiri ilə bağlı geniş ictimai müzakirələrə ehtiyac olduğunu göstərir.

Mənbə: Chicago Policy Review
Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et