
Hər şey 1940-cı illərdə başladı. Amerika müdafiə sənayesi radar texnologiyasını inkişaf etdirmək üçün çox səy göstərirdi. Təyyarələri və digər obyektləri aşkar etmək üçün radar dalğalarından istifadə edilib. Bu prosesdə önəmli adlardan biri də Persi Spenser adlı mühəndis idi və o, radar cihazları üzərində işləyərkən bir gün cibindəki şokoladın əridiyini fərq etdi. O, əvvəlcə bunun mənasını tapa bilmədi, lakin tezliklə bu ərimənin işlədiyi cihazın yaydığı mikrodalğalar səbəbindən olduğunu anladı.
Persi Spenser bu dalğaların qidaya necə təsir etdiyini sınaqdan keçirməyə başladı. Onun ilk təcrübələrindən biri popkorn hazırlamaq idi. Növbəti təcrübədə bir yumurta istifadə edildi; Amma yumurta mikrodalğalı sobaya tab gətirə bilməyib və partlayıb. Ancaq bu hadisə Spenser və komandasına mikrodalğalı enerjinin qidalara tətbiq oluna biləcəyi fikrini verdi. Müharibə bitdikdən sonra bu texnologiya daha dinc məqsədə xidmət etməyə başladı: mətbəxə daxil olmaq! İlk kommersiya mikrodalğalı soba 1947-ci ildə radarenj adı ilə təqdim edilmişdir. Bununla belə, bu cihaz müasir mətbəxə uyğun kompakt dizayndan uzaq idi və kiçik bir avtomobil qədər bahalı idi. Beləliklə, mikrodalğalı sobalar əvvəlcə yalnız restoranlar və böyük müəssisələr tərəfindən istifadə edilə bilərdi.
1960-cı illərdə mikrodalğalı soba texnologiyası daha ucuz, kiçik və etibarlı oldu. İndi adi insanların da bu cihazlara çıxışı var idi. 1970-ci illərdə mikrodalğalı sobalar Amerika mətbəxlərində əvəzolunmaz hala gəldi. İşləyən fərdlər üçün yemək hazırlamağı sürətləndirən bu cihaz dəbdəbədən çox zərurətə çevrilib.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
