24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı ekoloq Ənvər Əliyevdir. O, plastik çirklənmənin qlobal iqtisadiyyata təsirlərindən danıṣıb.
Plastik çirkliliyi ilə mübarizədə dövri iqtisadiyyatın rolu nədir və təkrar emalın effektivliyini necə artırmaq olar?
Plastik tullantıların idarə olunması və onların ətraf mühitə təsiri hazırda dünyanın qarşısında duran ən ciddi problemlərdən biridir. Dünya okeanına hər il təxminən iki milyard yarımdan çox plastik tullantı, xüsusən də butulkalar və salafan torbalar atılır. Bu tullantılar quru ərazilərdə də geniş yayılaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Plastik tullantıların yaratdığı əsas problemlərdən biri onların təbiətdə uzun müddət parçalanmaması və strukturlarının pozulmamasıdır. Nəticədə, onlar zəhərli maddələr yayaraq həm atmosferi, həm də torpağı çirkləndirir. Əlavə olaraq, plastik tullantıların yığılması və emalı prosesi də mürəkkəb və vaxt tələb edən bir işdir.
Bu problemi həll etmək üçün müxtəlif alternativlər təqdim olunur. Məsələn, ekoloji cəhətdən uyğun materiallardan istehsal olunan torbaların geniş istifadəsi təklif edilir. Bir çox ölkələrdə bu tip torbalar artıq tətbiq olunur, lakin onların qiyməti yüksək olduğundan əhali tərəfindən geniş istifadə edilmir. Plastik tullantıların təkrar emalı ilə bağlı yeni texnologiyaların inkişafı da perspektivlidir. Məsələn, bəzi tədqiqatlar nəticəsində plastik tullantılardan yanacaq kimi istifadə oluna biləcək maddələrin (məsələn, pedrogen) əldə edilməsi nəzərdə tutulur. Əgər bu üsul müvəffəqiyyətlə tətbiq olunarsa, təbiət üçün əhəmiyyətli bir müsbət nəticə əldə edilə bilər.
Problemin həllində həm də ictimai maarifləndirmə, mağazalarda plastik torbaların istifadəsinin məhdudlaşdırılması və alternativ məhsulların təşviqi mühüm rol oynayır. Bu proseslər vaxt və ciddi təşkilatçılıq tələb edir, lakin təbiətin qorunması üçün vacib addımlardır.
Ümumilikdə, plastik tullantılarla mübarizədə həm dövlət qurumlarının, həm də vətəndaşların birgə səyləri böyük əhəmiyyət daşıyır. Təbiəti qorumaq üçün atılan hər addım gələcək nəsillər üçün daha sağlam bir dünya təmin edə bilər.
Nərgiz Orucova