Sabit simsiz giriş, artan bant genişliyi, daha sürətli mobil sürətlər və şaquli bazarlarda yeni texnologiya imkanları 5G-nin əsas biznes üstünlükləridir. Lakin 5G-nin buraxılışı zamanı yaşanan problemlər və qeyri-sabit performans bəzi istehlakçılarda onun gözləntiləri qarşılayacağına dair şübhələr yaradıb.
Biznes üçün 5G-nin əsas xüsusiyyətlərinə və üstünlüklərinə nəzər salaq:
1. Sürət və bant genişliyi
5G texnologiyası 4G LTE ilə müqayisədə 10-100 dəfə daha sürətlidir. Maksimum sürəti 20 Gbps-ə çatır. Bu xüsusiyyət filial ofislərin avtomatlaşdırılması, artırılmış reallıq (AR) və virtual reallıq (VR) kimi geniş zolaq tələb edən tətbiqləri dəstəkləyir.
2. Aşağı gecikmə
5G ilə gecikmə 1 millisaniyəyə qədər azalır. Bu xüsusiyyət müəssisələrə daha çevik və qənaətcil bağlantılar təklif edərək, mövcud MPLS infrastrukturlarını əvəz edə bilər.
3. Yüksək sıxlıq
5G 1 km²-də 1 milyon cihazı bağlamağa imkan verir. Bu xüsusiyyət IoT cihazları və mobil işçilər üçün üstünlük yaradır, eyni zamanda, mobil ticarəti sürətləndirir.
4. Enerji sərfiyyatının azaldılması
5G cihazlarının enerji sərfiyyatını təxminən 90% azaldır. Xüsusilə, IoT cihazlarında bu, uzunmüddətli qənaətə gətirib çıxarır.
5. Təhlükəsizlik
5G-də təhlükəsizlik 4G-dən daha güclüdür. Yeni autentifikasiya sistemləri məlumatların oğurlanmasını çətinləşdirir. Lakin 5G şəbəkələrinin böyük məlumat həcmi təhlükəsizlik idarəetməsində yeni çağırışlar yarada bilər.
6. Əhatə dairəsi
5G daha geniş əhatə dairəsi təqdim edir. Bunun üçün orta diapazon spektrindən və massiv MIMO texnologiyasından istifadə edir.
7. Şəbəkə dilimlənməsi
5G şəbəkəni virtual dilimlərə bölərək müxtəlif istifadəçi qruplarına fərdi xidmətlər təqdim edir. Bu xüsusiyyət istehsalat, səhiyyə və maliyyə kimi sahələrdə xüsusi həllər yaratmağa imkan verir.
8. Gələcək texnologiyaları dəstəkləməsi
5G innovativ texnologiyaları dəstəkləyir: Uzaqdan cərrahiyyə, sənaye avtomatlaşdırılması, dronlar və avtonom nəqliyyat vasitələri bu texnologiyanın potensialını göstərir.
Ümumilikdə, 5G texnologiyası bir çox sahələrdə irəliləyişlər və yeni imkanlar vəd edir.
Mənbə:techtarget.com
Tərcümə edən: Fatimə Cabbarlı
