Bu gün:

Simpatiya ilə empatiya arasındakı fərq nədir?


Hisslərimiz haqqında danışarkən tez-tez empatiya və simpatiya sözlərinə rast gəlirik. Bununla belə, simpatiya kiminsə emosiyalarını bizim nöqteyi-nəzərimizdən başa düşməyi, empatiya isə onların tərəfindən həmin duyğuları hiss etməyi əhatə edir.

Hər iki söz emosiyaları göstərmək üçün işlədilsə də, fərqli mənalara malik olduğundan bir-birini əvəz edə bilməz. Simpatiya və empatiya arasındakı əsas fərq kiminsə vəziyyətinə qarşı duyğularımızı necə ifadə etdiyimiz və yaşadığımızdır. Amerika Psixologiya Assosiasiyasının Psixologiya Lüğətinə görə, simpatiya və empatiyanın tərifləri belədir:

Simpatiya başqasının əzab və ya kədərini dərk etməkdən yaranan narahatlıq və ya şəfqət hisləridir. Empatiya isə özünü başqasının yerinə qoyaraq hadisələri onun çərçivəsindən başa düşmək və ya onun hisslərini, düşüncələrini yaşamaqdır.

Biz kiminsə pis anında onun vəziyyətinə simpatiya bəslədikdə, onun üçün özümüzü pis hiss edirik. İnsanların yaşadıqlarına dair düşüncə və hisslərimiz olsa da, onların necə hiss etdiklərini dərindən dərk edə bilmirik. Kiməsə empatiya hissi ilə yanaşmaq isə qarşındakının hisslərini tam anlamaq üçün səy göstərmək, vaxt ayırmaqdır.

Simpatiya kiminsə pis xəbərini eşitdiyində onunla bağlı hisslərimizi bölüşməkdir. Empatiyalı davrandıqda isə, biz onların duyğularının dərinliyinə dalırıq və özümüzü onların vəziyyətində təsəvvür edirik. Burda söhbət insanların təcrübəsinə necə münasibət bəslədiyiniz deyil, özünüzü onların yerinə qoyub yaşadıqlarını hiss etməkdir. 

Simpatiya və empatiya hislərinin qurulması zehni sağlamlıq üçün vacibdir. Duyğularınızı idarə etməkdə və başqaları ilə əlaqə qurmaqda çətinlik çəkirsinizsə, terapiya emosiyalarınızla işləməyə, daha güclü əlaqələr qurmağa, ünsiyyət bacarıqlarını təkmilləşdirib emosional şüurunuzu artırmağa kömək edə bilər.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et