Bu gün:

“Xoşbəxt olmayan ana xoşbəxt uşaqlar böyüdə bilməz”



24media.az-ın növbəti  qonağları facebook sosial şəbəkəsində aktiv olan “xoşbəxt qadınlar klubu” qrupunun  rəhbəri Aynur Qurbanqızı və “xoşbəxt kişilər klubu” qrupunun rəhbəri Ramil Qurbanovdur. Qonaqlar qrup rəhbəri kimi qrup üzvlərinin problemlərini müşahidə edərək bu gün Azərbaycanda qadınların və kişilərin əsas problemləri haqqında danışıblar.  

-Bu gün Azərbaycanda qadınların və kişilərin əsas problemləri nələrdir?

Aynur Qurbanqızı "Xoşbəxt qadınlar klubu"nun admini ictimai fəal, feminist, "Azadqadın.az" saytının baş redaktorudur. O, suala belə cavab verib:

-Bu gün facebookda xanımların ürəyini boşaldıb təsəlli aldığı  “Xoşbəxt Qadınlar Klubu” qrupumda saysız-hesabsız yazılan problemli hekayələrin başında ailədə ərin qadına laqeydliyindən, xəyanətindən, sevgisizliyindən, daha sonra qaynana müdaxiləsindən, həmçinin evli kişilərin “subayam” deyib xanımları aldatmasından bəhs edilir. Problemlər siyahısında öndə gələnlərdən biri də ailədə gənc qızların valideynlərinə olan  nifrətidir. Dəfələrlə bu mövzuda statuslar açılıb, ya analarının ya atalarının qəddarlığından, sevgisizliyindən yazır, çıxış yolu kimi “evdən qaçmaq istəyirəm, nə məsləhət verirsiniz” soruşurlar, hətta intihar etmək istədiyini söyləyənlər də olur. Bu da xoşbəxt olmayan ailələlərin göstəricisidir.  Həmişə demişəm, “xoşbəxt olmayan ana xoşbəxt uşaqlar böyüdə bilməz”. Qadının öncə özünü xilas etməsi və həyata baxışını dəyişdirməsi lazımdır ki, övladlarının da nə ilə xoşbəxt olub-olmayacağını dərk edə bilsin. Digər problemlərdən biri də boşanma mədəniyyətinin kişilərimizdə olmamasıdır. Boşanmamaq üçün qadınlara təzyiq göstərilməsi, hətta öldürülməsi buna nümunədir. Azərbaycan qadınının başlıca problemi özünə dəyərin az olması və savadsızlıqdır. Savad deyərkən orta və ya ali təhsili nəzərdə tutmuram. Təhsili olmayıb, amma öz üzərində işləyib özünü, dünyagörüşünü inkişaf etdirən minlərlə qadın var.  Və bu qərarın verilməsi də məhz özünü dəyərdən başlayır. Özünə dəyər verən qadın ər, qaynana işgəncəsi altında boğulmaz, fiziki-mənəvi təhqirlərə göz yummaz, analar az yaşlı qızlarını “başsız qalmasın” deyib ataları yaşda kişi ilə ailə qurmağa məcbur etməz, ər qadağası ilə arzularından, istəklərindən məhrum qalmaz, sosial şəbəkədə həmcinslərini aşağılamaz. Daim stress altında yaşamaqdan qurtulmaq üçün çıxış yolları axtarar, tək başına ayaqüstə qalmaq üçün mübarizə aparar, öz xoşbəxtliyi üçün çətinliklərə sinə gərər. Onu sevməyən kişinin arxasınca düşməz, yalvarmaz, boş ümidlər bəsləməz, açıq-aşkar xəyanətə göz yummaz “əsas odur mənim ərimdir” deməz. “Filankəs nə deyər” fikri, ətrafın düşüncələri ilə həyatını formalaşdırmaz. Öz hislərinə, qərarlarına, istəklərinə hörmət qoyub o yolla gedər.

Ramil Qurbanov "Xoşbəxt kişilər qrupu"nun admini insan həyatını araşdırıb problemləri yazıları ilə işıqlandıran araşdırmaçıdır. Onun cavabı isə bu şəkildə olub:

-Fikrimcə, Azərbaycanda  kişilərin problemlərinin əsası işsizlikdən qaynaqlanır. Çünki normal işi olan, müəyyən gəliri olan biri bacardıqca istəklərini qarşılayır, amma işsiz bir insan ehtiyyaclarını qarşılaya bilmir və hərşeydən şikayətlənir. Kişilərdə müşahidə etdiyim problemlərdən ən başlıcası əks cinslə münasibətdə ola bilməməkləridir. Bununda başında ən çox dayanan maddi rifah, bəzən isə utancaqlıq və səbrsizlikdir.

24media.az xatırladır ki, “Xoşbəxt kişilər klubu” qrupu iki il əvvəl yaranıb və 1.3 min izləyicisi, “Xoşbəxt qadınlar klubu isə beş il əvvəl yaranıb və 4.9 min izləyicisi var.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et