Bu gün:

Ailə məhkəmələrinin fəaliyyəti-“1 sual, 1 cavab”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas Şamil Paşayevdir. Hüquşünas ailə məhkəməsinin yaradılmasının vacibliyindən danışıb.

-Ailə məhkəmələri nədir və fəaliyyəti necə tənzimlənməlidir?

Ailə məhkəməsi ilə bağlı uzun illər mənim sosial şəbəkələrdə eyni zamanda, mediada paylaşımlarım olub. Ailə məhkəməsinin yaradılması Azərbaycanda da zəruridir. Ailə məhkəməsinin yaradılması artan boşanma, aliment, əmlak, uşaqla ünsiyyət, uşağın hansı valideyində qalması və s. kimi problemləri daha dərindən öyrənə və həll edə bilər. Ailə məhkəməsinin yaradılması ilə ailənin spesifikasına uyğun şəkildə işlər görmək mümkündür. Eyni zamanda, ailə məhkəməsində təkcə mülki xarakterli deyil, ailə münasibətlərindən doğan cinayət və inzibati xarakterli işləri də görmək mümkündür. Bunun instansiyasında ailə işlərinə baxan xüsusi hüquq mühafizə qurumlarının şöbələrini də yaratmaq olar. Həm regional, həm də ölkə üzrə 12-13 belə mərkəzin yaranması kifayətdir. Burada həm qaynar xətlər, psixoloji dəstək, həm də cinayət təhqiqat işlərinin araşdırılması aparıla bilər. Ailə məhkəmələrinin yaradılması alimentin ödənilməsində olan problemi aradan qaldıra bilər, aliment fondu yaradıla bilər. Aliment fondunun yaradılmasi  şəxsi alimentin ödənilmədiyi təqdirdə aliment alanın yaşayışını təmin etmək üçün problemlərin həll edilməsinə kömək edir. Əgər bu fond yaradılarsa, alimentin kəsildiyi andan onun ödənilməsi dövlət hesabına təmin oluna bilər. Daha sonra isə aliment verən şəxsdən həmin ödənişi icra orqanları vasitəsilə dövlət geri ala bilər. Ailə işlərinin ailə məhkəməsində baxılması spesifik olmalıdır. Yəni ailə işinə baxan hakim cinayət  işinə, inzibati işə baxmamalıdır. Ailə hakimi ailənin hansı hallarda davam etdirilməsi və hansı hallarda boşanmasının zəruri olduğunu, boşanma üçün nə qədər vaxtın ayırılmasını, qəyyumluq və himayə şöbəsinə göndərilən işləri nizamlayır. Ailə məhkəməsi nigah olduqdan sonra tərəflərdən biri boşanmaq  istəsə buna imkan yaratmalıdır. Boşanmanın çətinləşdirilməsi məhkəmənin çıxış yolu deyil. Ailə məhkəmələri Avropa ölkələrində, Türkiyədə geniş yayılıb.

Lalə Mənəfova



Paylaş
Şərh əlavə et