Bu gün:

16 il su əvəzinə kola içsək, nə baş verər?


Ən məşhur qazlı içki markalarından biri olan Coca-Cola dadı ilə hər kəsi valeh etməyə davam edir. Bəs, görəsən, bu içkinin həddindən artıq istifadəsi insan orqanizmində hansı fəsadlara səbəb ola bilər?

Monakoda 31 yaşlı qadın aritmiya və huşunu itirmə şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinələrdə qadında kaliumun ağlasığmaz dərəcədə aşağı olduğu aşkarlanıb. Maraqlısı budur ki, qadının ailəsindən heç kəs indiyədək ürək xəstəliklərindən əziyyət çəkməmişdi.  Aparılan araşdırmalar nəticəsində xəstənin 16 ildir ağzına bir damcı da su qoymadığı və yalnız kola içdiyi öyrənilib.

Həkimlər qadına kola içməməyi tövsiyə edib və bu hekayəni təsvir edən məqalə yazıb. Bu cür məhsullardan ifrat dərəcədə istifadənin insan orqanizminə nə kimi ziyan verəcəyini düşünmək elə də çətin deyil. 

Xəstə hər gün iki litrə yaxın kola içirmiş və qanında kaliumun səviyyəsi 2,4 mmol/l olub. Onun yaşındakı bir qadının normal kalium səviyyəsi təxminən bundan iki dəfə çox olmalıdır.

Ürəkdə Q dalğasının başlanğıcı ilə T dalğasının sonu arasındakı vaxt QT intervalı adlanır. Bu dəyər ürək döyüntüsündən asılı olsa da, başqa şeyləri də göstərir. QT intervalının uzadılması ağır aritmiya deməkdir və bu, ölümlə nəticələnə bilər. Xəstənin QT intervalı 610 ms idi və bu yaşda olan qadının normal QT intervalı 450 ms-dən çox olmamalıdır. Bundan əlavə, xəstə tez-tez huşunu itirirdi.

Maraqlıdır ki, həkimlər xəstəni kola vərdişindən çəkindirdikdən dərhal sonra kalium səviyyəsi və QT intervalı demək olar ki, normal dəyərlərə qayıdır. Bir həftə sonra QT intervalı 430 ms, qanda kaliumun dəyəri isə 4,1 mmol/L olur.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et