Bu gün:

Təəccüb doğuran festival və adətlər


Dünyanın müxtəlif ölkələrində müxtəlif məqsədlər üçün festivallar keçirilir. Bunlar bəzən dini, bəzən də əyləncəlidir. Dünyanın ən gülməli və ən qəribə festivallarını sizin üçün bir araya topladıq.

1. Holi festivalı - Hindistan

Bu festivalın Hindistanda xeyirin şər üzərində qələbəsini, boyaların isə yazın gəlişi ilə təbiətin oyanmasını simvolizə etdiyinə inanılır. Holi Festivalı hər il baharın gəlişi ilə ilk tam ayın göründüyü vaxtda qeyd olunur. Festival öz adını xeyirin şər üzərində qələbəsini simvolizə edən “Holika”dan götürüb. Festival ənənəvi olaraq hər il Hindistanda, eləcə də Banqladeş və Pakistanda qeyd olunur.

2. La Tomatina - İspaniya

"La Tomatina" pomidor festivalı hər il İspaniyanın Valensiya şəhəri yaxınlığındakı Bunol şəhərində avqustun axırıncı çərşənbə günü keçirilir. Pomidor müharibəsinin nəyə görə baş verdiyi dəqiq bilinməsə də, 1944-1945-ci illərdən bəri davam edən bu müharibənin dostlar arasında başlamış və sonralar geniş bir kütləyə yayılmış ola biləcəyi ehtimalı yüksək görünür. 

Daha güclü bir nəzəriyyəyə görə, hər il sevilməyən bələdiyyə sədrinə etiraz olaraq atılan pomidorlar müharibəyə dönüb həyəcanlı bir hal aldıqdan sonra hər il təkrarlanmasına qərar verilmişdir. Fransisko Frankonun İspaniya hakimiyyəti dövründə heç bir dini inanca əhəmiyyət verilmədiyi üçün pomidor müharibəsi qadağan edildi. Lakin 1970-ci illərdə bu idarənin süqutundan sonra köhnə ənənə davam etdirildi.

3. Afrikada kişilik imtahanları

Efiopiyanın Hamar qəbiləsində kişinin kişi qəbul edilməsi üçün maraqlı bir ənənə var. İmtahandan keçəcək kişinin qız dostları sınaq meydançasında əvvəlcə rəqs edir, daha sonra bədənlərində yaralar çıxana qədər böyükləri onları dəyənəklə döyürlər. Bu, qızların dostlarına olan bağlılığını göstərir. Sonra gənc oğlan 4 dənə öküz/buzovun üstünə çıxıb yıxılmadan 3 dövrə vuraraq kişiliyini elan edir. Amma gördüyünüz kimi, əslində bu turu başa vurmasa belə, hər şey göz qabağındadır...

Digər Efiopiya tayfası olan Bodi və Surma tayfaları öz adət-ənənələri ilə hər kəsi heyran edir. Qəbilə üzvlərinin bədənlərinə etdikləri bu yara izləri yetişkinlik göstəricisi kimi qəbul edilir. Yaraların sağalmaması səbəbindən malyariyaya tutulma riski var və hətta ölənlər də olur. Efiopiyada bu gün də davam edən bu ənənə həqiqətən də insan bədəninə böyük ağrılar verir. 

4. Sallanan tabutlar - Filipinlər

Filippinin Saqada şəhərindəki əhəng daşından hazırlanmış mağaralar "Yerli Ölülərin Evləri" hesab olunur. Bir çox insanlar mağaralarda basdırılarkən, uzun bir ənənəyə görə, ölülərin basdırıldığı mağaranın xaricində tabutlar asılır.

5. Songkran Su Festivalı - Tayland

Aprelin quraq günlərindən sonra Taylandda çoxdan gözlənilən yağışlı mövsümün başlanacağı xəbər verilir. Myanma, Laos və Kambocada da hər il qeyd edilən bir yeni il bayramıdır və bütün ölkə bu əyləncəli festivalda bir neçə gün istirahət edir. Onlar su çiləyib hamını islatmaqla yanaşı, eyni zamanda, ağ tozu tutduqlarının üzünə sürtürlər. Təbii ki, bu, çox maraqlı görüntünün yaranmasına səbəb olur.

6. Roswell Ufo Festivalı - ABŞ

Hər il iyun ayında keçirilən festivalda tarixin ən mübahisəli hadisələrindən birini qeyd etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında yerləşən Rosvel qəsəbəsində maraqlı tədbir keçirilir. 8 iyul 1947-ci ildə Nyu-Meksiko ştatının Rosvel yaxınlığındakı ABŞ dövlət meşə xidmətinin xilasedici pilotu Kennet Arnold Vaşinqton ştatındakı Kaskad dağlarında axtarışa çıxır və təxminlərə görə, 4 metr yüksəklikdə, saatda 222.000 km sürətlə gedən doqquz disk formalı uçan dairələr gördüyünü iddia etdikdən 2 həftə sonra bir kosmik gəminin tutulduğu eşidildi. Ertəsi gün isə ABŞ ordusu bu xəbəri təkzib edərək bunun hava şarı olduğunu iddia edib.

Hər il iyun ayında keçirilən festivalda insanlar yadplanetlilərin geyimində küçələri doldurur, festivalda UFO haqqında məlumatlandırıcı tədbirlər və mühazirələr oxunur.

Mənbə: neoldu.com

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et