
Quduzluq - xəstə heyvanların tüpürcəyi ilə insanlara keçən virus infeksiyasıdır. Bu xəstəliyə, adətən, itlərdə, tülkülərdə, çaqqallarda, canavarlarda, yarasalarda və bəzi digər məməlilərdə olan virus səbəb olur. Quduzluq virusu insanlara yoluxmuş heyvanın tüpürcəyi və ya digər bədən mayeləri ilə təmasdan sonra keçə bilər.
Quduzluğun simptomları infeksiyanın ilkin mərhələlərində yüngül ola və qızdırma, baş ağrısı, eyni zamanda, yorğunluq kimi qripə bənzər simptomlara səbəb ola bilər. Daha sonra xəstəlik bir az da ağırlaşır və narahatlıq, aqressiv davranış, əzələ ağrıları, qıcolmalar və digər ciddi simptomlar müşahidə edilə bilər.
Quduzluq müalicə edilməzsə, ölümcül bir xəstəlikdir. Bununla belə, quduzluq peyvəndi və immunoqlobulin kimi müalicələr xəstəliyin inkişafının qarşısını ala və ya dayandıra bilər. Quduzluq riski olan vəziyyətlərdə, xüsusən də, quduz heyvanın dişləməsi və ya tüpürcəyi ilə təmasdan sonra dərhal həkimə müraciət etmək vacibdir.
Quduzluq sinir sisteminə təsir göstərdiyinə görə, xəstəliyə yoluxmuş insanların susuzluğunu yatırmaq üçün su içməsi çətinləşə bilər. Quduzluğun səbəb olduğu əzələ sancımaları və udma çətinliyi yoluxmuş insanların yemə-içmələrini çətinləşdirə bilər. Nəticədə, quduz xəstələr maye qəbulunu məhdudlaşdıra və ya, ümumiyyətlə, su içməyə bilər.
Həmçinin quduzluq yoluxmuş insanların tüpürcək vəzilərindən və ağızlarından artan miqdarda tüpürcək əmələ gətirə bilər. Buna görə də, quduz xəstələri tüpürcəklərini tez-tez uda bilmirlər və ağızlarında yığılan tüpürcək miqdarı arta bilər. Bu, susuzluğu daha da pisləşdirə və quduz xəstələrin susuz qalmasına səbəb ola bilər.
Mənbə: İlginç Bilgiler (Telegram)
Tərcümə etdi: Xədicə Qiyas
