
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı tanınmış azərbaycanlı meyxanaçı Ağamirzə Məmmədovdur. O, “Meyxana” sənəti ilə bağlı sualımızı cavablayıb.
-Azərbaycanda meyxana sənətinin hazırkı vəziyyəti necədir?
-Burada bir rəhbər yoxdur ki, nəyisə dəyişdirsin. Kim necə istəyir elə də hərəkət edir. Şükür, meyxananın vəziyyəti pis deyil. Meyxanaya həmişə tələbat var. Bəzi şeylər var ki, məni qane etmir. Onu da mən neçə müddət çalışdım ki, yoluna qoyum, qoya bilmədim. Bəzən qafiyəyə uyğun olmayan sözlər deyirlər, bəzi adamlar da əl çalır, alqışlayır. Nə qədər irad bildirsən də, xeyri yoxdur. Meyxana deyəndə qafiyə tutulur, 3-4 dəfə ard-arda deyirlər. Tənqid edəndə acıqlarına gəlir. Mənim də təkrar etdiyim hallar olur, amma bunu etdiyini qəbul etmək lazımdır, bəziləri qəbul etmir, hətta “yaxşı etmişəm” deyənlər də olur.
Qeyd edək ki, “Meyxana”-Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrıdır. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir.
Günel Məmmədova
