Bu gün:

"Arıqlama dərmanları ciddi problemlərə səbəb olur" - Dietoloqla müsahibə


Bəzən artıq çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, insanlar hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Təəssüf ki, tövsiyə olunanların böyük bir qismi heç bir əsası olmayan yanlış məlumatlardır.  

Bəs düzgün pəhriz necə saxlanmalıdır? Pəhriz üçün ziyanlı qidalar hansılardır? 

Məsələylə bağlı 24media.az - a müsahibə verən uzman dietoloq Turanə Nəsibova sağlam pəhrizin əsas qaydaları, arıqlamaq üçün istifadə olunan dərman vasitələrinin ziyanları haqqında danışıb. 

Çox işlənmiş qidaları məhdudlaşdırmağınız məsləhətdir

Suyun sağlamlığı dəstəklədiyini və pəhrizə kalori əlavə etmədən nəmləndirməni təşviq etdiyini qeyd edən  müsahibimiz bol su içməyi məsləhət görüb. Həmçinin, o bildirib ki, proteinli qidalara üstünlük vermək daha yaxşıdır. Zülallı qidalara isə qoz, fındıq, paxlalı bitkilər, yağsız qırmızı ət, az yağlı süd və qatıq daxildir.

Sağlam pəhrizin 8 faydalı qaydası

Yeməklərinizi yüksək lifli  nişastalı karbohidratlara əsaslandırın. Bol meyvə və tərəvəz yeyin. Yağlı balıqların bir hissəsi də daxil olmaqla, daha çox balıq qəbul edin. Doymuş yağ və şəkəri azaldın. Eləcə də, daha az duz istifadə edin. Duz böyüklər üçün gündə 6 qramdan çox olmamalıdır. Aktiv və sağlam çəkiyə sahib olun. Qətiyyən susuz qalmayın. Səhər yeməyini mütləq şəkildə yeyin.

Pəhriz üçün ziyanlı qidalar 

Bu qidalara kartof çipsilərini, qızartmalarını nümunə göstərmək olar. Çünki onlar yüksək  kalorilidir. Həmçinin, şəkərli içkilər, ağ çörək, bəzi meyvə şirələri, xəmir, peçenye, tortlar, dondurmalar və əksər spirtli içkilər, xüsusilə, pivə pəhrizə mənfi ziyan göstərir

Turanə xanım bunu da əlavə edib ki, şəkər, ürək - damar və xərçəng xəstələrinə ciddi pəhriz saxlamaq tövsiyyə olunur.

Arıqlama dərmanlarının yaratdığı xəstəliklər

Bəzən xəstələr pəhriz saxlamadan daha asan yolla arıqlamaq istəyirlər və buna görə də, arıqlama dərmanlarından istifadə edirlər. Dietoloq vurğulayıb ki, bu tip preparatların istfadə edilməsini məsləhət görmür: "Ümumiyyətlə, sözügedən dərmanların istifadəsini qətiyyən məsləhət görmürəm, çünki əks təsirləri çoxdur. Arıqlamaq üçün istifadə olunan dərmanlar depressiya, narahatlıq, yemək pozğunluğu və obsesif kompulsif pozğunluqlar (OKP) kimi psixi sağlamlıq xəstəlikləri, qıcıqlanmış bağırsaq sindromu (QBS) kimi həzm problemləri, həddindən artıq aktiv tiroid, diabet və ya ürək çatışmazlığı kimi ciddi problemlər yaradır".

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et