
Bir alim qədim Misir məzarını açarkən az qala öləcəkdi.
600 ildir açılmayan Misir məzarını açan alimin xəstələnməsi “Fironun lənəti” şayiələrini gündəmə gətirdi. Ancaq bu hadisənin əsas səbəbinin lənətlə çox da əlaqəsi olduğu görünmür.
Bir Misirşünas iddia edir ki, o, qədim Misir məzarını açdıqdan sonra halüsinasiyalar görməsinə və qan öskürməsinə səbəb olan sirli xəstəliyə tutulub.
Kinorejissor və Misirşünas Ramy Romany The Jordan Harbinger Show-da söhbəti zamanı 2019-cu ildə televiziya şousu "Mummies Unwrapped" üçün məzar qazdıqdan sonra xəstələndiyini söyləyib.
Khaleej The Times-a verdiyi əvvəlki müsahibəsində "Mummies Unwrapped" in çəkilişləri zamanı ölümlə ən yaxın anını yaşadığını söyləyib. Nəzərdə tutduğu an isə insanların Bibliyadakı bir şəxsə aid olduğunu iddia etdikləri mumiyalanmış qalıqlar haqqında bir araşdırmaya aiddir.
Romany vəziyyətini belə izah edir: “Epizod çəkilişi zamanı biz illərdir açılmamış məzara girdik. Qapını açdıq. Yerli sakinlər oranın ilanlı ya da lənətli olacağından qorxduqları üçün uzaqlaşdılar. Biz isə lənətlərə inanmadığımız üçün düz pilləkənlərlə aşağı düşdük. Məzar sanki əbədi bir uzunluğa gedirdi. Biz aşağı enməyə davam etdik. Hava çox tozlu idi və hamısını nəfəs aldıqca ciyərlərimə çəkdiyimi hiss etdim. Həmin gün Qahirəyə qayıdarkən özümü pis hiss etməyə başladım. Səhəri gün qızdırmam çox yüksək idi. Heç vaxt belə yüksək hərarətim olmamışdı. Qızdırmam 42°C-yə qalxmışdı və mən qan öskürməyə başlamışdım. Həkim gətirdilər. Mən az qala ölürdüm".
Jordan Harbinger-ə verdiyi müsahibədə o qızdırmasının hallüsinasiyalara səbəb olduğunu deyib. Bunun yarasalar, ilanlar və ya məzarın içindəki tozdan qaynaqlandığını anlayan həkimlər ona antibiotik veriblər.
Romany hələ də hansı xəstəliyə tutulduğundan əmin olmasa da, o qurtularaq öz hekayəsini danışmağı bacarıb: "Dörd gündən sonra sağaldım, amma çətin idi. Mumiya lənəti olsun ya da olmasın. O məzardakı bir şey mənə təsir etdi".
Mənbə:chip
Tərcümə etdi: Lamiyə Cənnətzadə
