Bu gün:

Rubik kubunun tarixi


1974-cü ilin yazında Erno Rubik adlı gənc macar memar tələbələri üçün 3D hərəkəti modelləşdirməyin yolunu axtarırdı və durmadan bu iş üzərində çalışırdı. Rezin bantlar, yapışqan və kağız sancağı ilə birlikdə birləşdirilən ağac və kağızdan hazırlanmış kub blokları ilə aylarca işlədikdən sonra o, nəhayət, "Buvös kocka" və ya Sehrli kub adlandırdığı oyuncağı yaratdı.

Daha sonra adı dəyişdirilərək Rubik kubu olan ixtira 2018-ci ildə 350 milyondan çox satılaraq dünyanın ən məşhur zehni oyuncağına çevrildi. Bundan əlavə, saysız-hesabsız sənət əsərlərinə və filmlərə ilham verən bu kub, gənclərin tapmacanı ən qısa müddətdə tamamlamaq üçün yarışdığı rəqabətli bir idman növünü yaratdı.

Lakin ixtiraçının “The Cube: The Puzzle for All of Us” adlı yeni kitabında izah etdiyi kimi, ilk vaxtlar heç kim kubun qarşısıalınmaz uğuruna ondan daha çox təəccüblənməmişdi. Rubikin dediyinə görə, kubun bu təsiri "kubdan çox daha maraqlı idi". Rubik əlavə edir ki, bu kitab kubun nüfuzunu və "insanların onu niyə sevdiyini" anlamağa çalışmaqdan bəhs edir.

İlk baxışdan aldadıcı dərəcədə sadə görünən kubun hər tərəfində doqquz rəngli kvadrat var. İlkin vəziyyətdə hər tərəf vahid rəngə malikdir: qırmızı, yaşıl, sarı, narıncı, mavi və ya ağ. Tapmacanı həll etmək üçün kubları çevirməli və nəticədə hər tərəfi orijinal rənginə qaytarmalısınız. İşin çətin tərəfi, mümkün nümunələrin heyrətamiz sayıdır. Belə ki, bu zaman 43 kvintilyondan çox nümunə meydana gələ bilər.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et