Bu gün:

Fərid Sadıqlı: Həyatımın və yuxularımın əsasını güləş təşkil edir



İtaliyanın Faenza şəhərində  yeniyetmələr arasında Avropa Çempionatında yunan-Roma güləşi üzrə yarış keçirilib. Yığmamız Avropa ikincisi olub. 

24media.az həmin yarışın qalibi, İtaliyada himnimizi səsləndirən idmançı Fərid Sadıqlı ilə müsahibəni təqdim edir:

- Fərid Sadıqlı kimdir?

 16 yaşım var. 136 Nömrəli tam orta məktəbdə oxuyuram.

Azərbaycan Respublikası milli güləş yığma komandasının idmançısıyam. Güləşi çox sevirəm. Həyatımın və yuxularımın əsasını güləş təşkil edir.

- Güləşlə məşğul olmağa nə vaxt başladınız?

Uşaqlıqdan marağım olub. Buna səbəb atamın güləşçi olması idi. O, hər dəfə güləşdən danışanda böyük həvəslə qulaq asırdım. 10 yaşımdan peşəkar şəkildə məşğul oluram. İlk fəndlərimi atam öyrətmişdi. Həyətimizdəki "turnik" buna şahiddir ki, mən necə həvəsli və ara- sıra bacarıqsız idim. İlk məşqçim isə Füzuli müəllim olub, o, mənə güləşin əlifbasını öyrədib. Daha sonralar Taleh müəllim sayəsində bildiklərimi təkmilləşdirdim.

- İlk yarışınız hansı olub?

1-ci yarışım Bakıda olub, 20 Yanvar şəhidlərinə həsr olunmuş beynəlxalq turnirdə qalib gəlmişdim. O yarışdan sonra özümə söz verdim ki, hər yarışa yalnız qalib olmaq üçün gedəcəm.

- İdman nailiyyətlərinizdən danışa bilərsiniz?

 Ən böyük nailiyyət sonuncu, yəni bu il iyunun 18-də olan uğurum idi. Ümumi olaraq Türkiyə, İtaliya, Gürcüstan və Azərbaycanın əksər rayonlarında yarışlarda iştirak eləmişəm. Beynəlxalq turnirlərdə bacardığım qədər ölkəmi təmsil etməyə cəhd göstərmişəm. Bu günə kimi 20-yə yaxın diplom, 10 medal və 1kubok ilə təltif olunmuşam. Təbii ki, bu saylar müvəqqətidir. Tez zamanda artacaq. İnsan nailiyyətlərinə sevinməlidir, amma həm də bunların sayını artırmalıdır.

- Yadınızda qalan ən maraqlı yarış hansı olub?

2018-ci ilin sentyabrında Batumidə turnir oldu. Həmin turnirdə erməni rəqibimə 1 dəqiqə ərzində 8-0 hesabı ilə qalib gəldim. Bu mənim üçün adi qalibiyyət deyildi, vətənimin adını ucaltmaq idi.

- Elə rəqibiniz olub ki, döyüşdən əvvəl tərəddüd etmisiniz?

İlk oyunlarımda tərəddüd olurdu. Amma zamanla bu qorxu hissinə qalib gəldim. Baş məşqçim Taleh İsrafilov həmişə "Siz yarışa qalib gəlməyə gedirsiniz",-deyir. Biz də bu qaydaya əməl edirik.

- Döyüş meydanında ağıl lazımdır, yoxsa güc və iradə?

 Hamısı. Çünki bir-biriləri ilə vəhdət təşkil edirlər.

- Beynəlxalq turnirlərdə hakim haqsızlığı ilə üzləşmisiniz?

Buna bütün idman oyunlarında rast gəlinir. Mənim də bir dəfə başıma gəlib.  Türkiyənin Antalya şəhərində qazaxıstanlı rəqibimlə  güləşən zaman fənd tətbiq etdim, üstünlük məndə idi. Amma hakim bunu mənim xeyrimə hesablamadı.

- Fəndlərini bəyəndiyiniz güləşçilər varmı?

İlk olaraq, təbii ki, atam. Daha sonra Tağıyev Füzuli və İsrafilov Taleh – hər ikisi məşqçim olub və onlara heyranlığım danılmaz faktdır.

Bununla yanaşı, Fərid Mansurova uşaqlıqdan pərəstiş edirəm. Hacı Əliyev də sevdiyim güləşçilər sırasındadır.

- İdmanın digər sahələri ilə məşğul olursunuz?

Boş vaxtlarımda həvəskar olaraq üzgüçülük və basketbolla məşğul oluram.

- Sonuncu yarışınız barədə nə deyə bilərsiniz?

İtaliyada keçirildi və qızıl medal qazandım.  1-ci macar rəqibimi 50, 2-ci bolqar rəqibimi 34, 3-cü latviyalı rəqibimi 24 və finalda rus rəqibimi 68 saniyəyə məğlub etdim. Finaldakı rəqibim Rusiyanı təmsil edən Danial Ağayev idi. Ona 10-1 hesabı ilə qalib gəldim.

- İdmançı kimi tanıdıq, bəs, Fərid şagird kimi necədir?

9-cu sinifə qədər orta-yaxşı oxumuşam. Son illərdə isə güləşlə məşğul olduğuma görə, dərslərdə bəzən iştirak edə bilmirəm. Lakin bacardığım qədər dərslərimə də vaxt ayırıram. Gələcək planlarım içərisində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq da var.

Biz də gənc idmançımıza uğurlar arzulayırıq!

Paylaş
Şərh əlavə et