Bu gün:

Şokoladın tarixi


Şokoladın tarixi 4000 il əvvələ gedib çıxır. Tarixi mənbələrə görə şokoladdan içki kimi ilk dəfə Meksikada istifadə olunub. 

Şokolad Mərkəzi Amerikanın  tropik meşələrində kakao toxumlarının əkilməsi və daha sonra onların mayalanması, pasta halına salınması ilə istehsal olunur. İlk şokolad indiki şokoladlardan çox fərqli idi-maye formada acı içki. Formulu belədir: 

Fermentasiya olunmuş və pasta şəklində kakao, su, vanil, bal, acı bibər və digər ədviyyatlar. Olmeklər, Azteklər və Mayyalar bu içkinin enerji və güc verdiyini, insanları sevindirdiyini düşünürdülər. Onlar inanırdılar ki, şokoladın mistik bir xüsusiyyəti var. 

Mayyalılar isə kakaoya heyran idilər və onun kakao tanrısı olduğuna inanırdılar. Xoşbəxtlik və sülh üçün ona ibadət edirdilər. Bu dövrdə şokolad hər kəsə təqdim edilməyən çox qiymətli bir içki idi. Yalnız müqəddəs mərasimlərdə onu padşahlar, əsgərlər, ruhanilər və zadəganlar içə bilərdi.

Şokoladın Amerikadan Avropaya, oradan da dünyaya yayılması Hernan Kortes adlı ispan tədqiqatçının sayəsindədir. Əslində, Kristofer Kolumbun kakaonu ilk dəfə kəşf etdiyi, lakin heç vaxt ölkəsinə gətirmədiyi, hətta dadına belə baxmadığı iddia edilir. Meksikanı işğal edən dənizçi Kortes Avropaya şokolad gətirən ilk şəxs olur. İspanlar ilk dəfə bu içkiyə şəkər qatmaqla günümüzün şokoladına doğru mühüm addım atırlar. İspaniya yüz il idi ki, başqa ölkələrdən şokoladı gizlədirdi-Louis evlənənə qədər. Şokoladı çox sevən şahzadə şokoladlarını Fransaya apararaq tarixə “şəkil verir”. 

Uzun müddət aristokratların və zadəganların qidası olan şokolad istehsalı holland kimyaçısı Coenraad Johannes van Houtenin ixtira etdiyi kakao maşını ilə inqilab edir. 1828-ci ildə icad edilən maşın kakao yağını qovrulmuş kakao toxumlarından ayırır, qalan şokolad isə quru toz halına gətirilir. Bu toz maye və digər maddələrlə qarışdırılaraq bərk, yeməli, asan həzm olunan şokolad alınır.

Şokolad istehsalının qiyməti aşağı düşür və o adi insanların əli çatan qidaya çevrilir.

İlk dəfə 1847-ci ildə JS Fry & Sons adlı ingilis şirkəti bərk yeməli şokolad istehsal edərək şokolad tarixində mühüm bir irəliləyiş etdi. Rodolphe Lindt isə 1879-cu ildə kakao yağını kakao tozu ilə qarışdıraraq məxmər teksturalı və daha dadlı şokolad yaratdı. 

1800-cü illərdən Cadbury, Mars & Hershey kimi şokolad “nəhəngləri” bu gün də mövcuddur.

Mənbə: Mabel çikolata 

Tərcümə etdi: Nuran Əhmədzadə 


























Paylaş
Şərh əlavə et