24Media.az saytının növbəti müsahibi gənc yazıçı Nəimidir. O, hüquqşünaslıq ixtisasını bitirib, həmin sahə üzrə hazırda magistr təhsili alan gənc yazıçıdır.

Kitab yazmaq üçün motivasiyanız nə olub?
Kitab yazmağa məni vadar edən səbəblər insanlar və cəmiyyət arasında mövcud olan haqsızlıqlar, ədalətsizliklər olub. Məsələn, xəstəxanalarda sıranı gözləmədən önə keçən, vəzifəsindən sui-istifadə edən birini gördükdə sakit dayanmaq qeyri-mümkündür. Mən də bu haqsızlıqlara qarşı belə silahlandım.
Sizin üçün yazarlığın ilk və əsas meyarı nədir?
Yazıçı hər şeydən əvvəl insanlığa xidmət etməlidir. Ən əsası isə maraqlı süjet xətti yaratmağı bacaran biri olmalıdır ki, oxucuları sıxmasın.
Gənc olaraq bu uğurunuza ailənizin və yaxınlarınızın reaksiyası necə olub?
Açığı, ailəmdən heç kəs nə anam, atam, nə də qardaşım kitabımı oxuyub. Atam bu işimlə əsla qürur duymur. Əksinə, deyir ki, boş işlərlə məşğul olma. Eynilə də qardaşım dəstək çıxmağa çalışsa da, kitabımı oxuyub mənfi münasibət bildirərək məni həvəsdən salmışdı. Nə də olmasa, insana ən böyük zərəri vuranlar elə öz ailəsidir. Anam isə həmişə qürur duyub, əslində, bizim qəhrəmanımız atalarımız yox, analarımızdır!
İlk kitabınızın çapdan çıxması sizdə hansı hissləri yaradıb?
İlk kitabım çapdan çıxmadan öncə elə düşünürdüm ki, bu çox fövqəl-təbii bir hadisə olacaq. Əksinə fərqli oldu. Adi bir hal, vəziyyət idi. Həmin an fərqinə vardım ki, yolun çox başındayam.
Niyə məhz detektiv?
Əslində, kitabım sadəcə romandır. Amma siz də haqlısınız, yüksək səviyyədə detektiv hissələri var. Müşahidə edirdim ki, detektiv oxuyanlar məhz süjet xəttinə görə oxuyur. Digər yeni oxucular da qınayırdı ki, bu janrdakı kitablardan nəsə öyrənmək olmur. Roman, yaxud digər janr oxucuları isə mənalı, öyrədici bir kitabla qarşılaşdıqda sıxıcı, monoton süjet xəttindən şikayətlənirdilər. Mən də düşündüm ki, niyə həm cəmiyyətin problerinə işıq tutan, həm də axıcı, həyəcanlı süjet xəttinə malik bir kitab yazmağa cəhd etməyim?!
Əsərinizdəki hər hansı bir qəhrəman olsa idiniz…
Məhz hər hansı bir obraz olardım deyə bilmərəm. Amma vicdansız, mənəvi dəyərlərə hörmət etməyən biri olsam, yəqin ki, Ravin qədər pis olardım. Bir qızı sevsəm, Fəridlə Murad kimi düşünərdim. Mütləq ki, bir obraz deməliyəmsə, elə Murad deyərdim.
Bu əsər başqa biri tərəfindən yazılsaydı, oradakı tənqid hədəfiniz olardımı? Olardısa, bu nüans nədir?
Bu əsər başqa biri tərəfindən yazılsa, bəyənməzdim. Fikirlərinə, düşüncələrinə qatılardım orası başqa.. Amma yazı tərzi və bənzətmələri çox uşaqca gələrdi.
Əsərinizdə dostluğa qarşı duyulan şübhələr öz əksini tapır. Bu hər yaşda ola bilər. Niyə məhz əsərin qəhrəmanları on birinci siniflərdir?
Bu sual mənə çox ünvanlanıb. Məhz obrazların yaşı az olduğu üçün qınayanlar da oldu. Hətta yaşlarına rəğmən etdikləri hərəkəti məntiqsiz görənlər də. Amma əsasən, oxuyanlar sevdilər. Əgər obrazlar böyük olsa, etdikləri uşaqca hərəkətləri etməz, kiçik olsalar isə bir-birlərinə duyduqları sevgi, məhəbbət, sədaqət və xəyanət çox süni görünərdi.
Bundan sonrakı əsərlərinizi də detektiv mövzuda yazacaqsınız?
İlk kitabın davamını hazırda yazıram. Bəli, bu roman da detektiv tərzdədir. Oxucular ilə birlikdə bir qatil axtaracağıq. Növbəti kitablarımın janrı barədə isə dəqiq informasiya verə bilmirəm.
Yazıçılığa gedən yolun ilk cığırlarını çəkən Nəimiyə bu yolda uğurlar!
Çinarə Muradova
