Bu gün:

Öskürəyə səbəb olan amillər nələrdir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı həkim-terapevt, daxili xəstəliklər üzrə mütəxəssis Validə Talıbova-Əkbərovadır. O, öskürək barəsində danışıb.


Qışda və yazda öskürək yaranması halları kifayət qədər çox olur. Öskürəyə səbəb olan amillər nələrdir?

Qış fəslində öskürəyin səbəbi: 

Yuxarı tənəffüs yollarının selikli qişası aşağı rütübətli soyuq havanın təsirinə məruz qaldıqda həmin selikli qişanın qıcıqlanması quru öskürəyin yaranmasına səbəb olur.  

Qışda insanlarda bir infeksiya digər infeksiya ilə əvəz olunduğu hallarda öskürək uzun müddət davam edir. Bunun səbəbi yuxarıda qeyd etdiyim kimi, insanların bir-birinin ardınca infeksiyaya yoluxması ola bilər. Öskürəyi ən çox yaradan larinqit olur. Buna “boğaz öskürəyi”deyilir ki, bu da burun axıntısı olmadan davam edir. Güclü və uzunmüddətli öskürəyə, əsasən, kəskin respirator virus infeksiyaları, qrip və bakterial infeksiyalar səbəb olur. Ağciyər xəstəlikləri ilə (məsələn, pnevmoniya), öskürəklər aşağıdakı simptomlarla müşayiət olunur:  

• müxtəlif intensivlikdə quru və yaxud nəm öskürək  

• dərin nəfəsalma zamanı və ya sakit halda döş qəfəsində ağrı 

• həm fiziki gərginlikdə, həm sakit vəziyyətdə və hətta yuxuda baş verən təngnəfəslik 

Yaz fəslində iqlim şəraitinin və ətraf mühitin temperaturunun dəyişməsi səbəbindən insanların bir çoxunda, xüsusən də, allergik xəstəlikləri olan şəxslərdə öskürək tutmaları baş verə bilir. Bu da ilk növbədə, ağacların çiçəklənməsi dövrünə təsadüf edir. Allergik öskürək viral və bakterial öskürəkdən fərqlənir. Çox vaxt pasiyent özundə allergik öskürəyi digər öskürək növlərindən ayırd edə bilir. Bədən temperaturu yüksəlmir, öskürək tutmaları insanın allergenə məruzqalma dərəcəsindən asılı olur. Viral infeksiyalı, yaxud bakterial öskürək bir neçə həftədən bir neçə aya qədər davam edirsə, allergik öskürək allergenlə təmas bitənə qədər davam edə bilir və sonra keçir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et