Bu gün:

"Tənbəl" göz sindromu - ambliopiya


Аmbliopiya və ya göz tənbəlliyi, optik korreksiyaya tabe olmayan və görmə analizatorunun üzvi patologiyası ilə əlaqəli olmayan görmənin birtərəfli yaxud da ikitərəfli davamlı zəifləməsidir.

Xəstəliyin gedişi simptomsuz ola və ya baxışların davamlı fiksasiyasının mümkünsüzlüyü, rəng duyğusunun və məkan qayrayışının pozulması, görmə itiliyinin azalması (azacıq zəifləmədən işıq duyğusunadək) ilə müşayiət oluna bilər. Ambliopiyanın diaqnostikası görmə itiliyinin, rəng duyğusunun və qaranlığa adaptasiyanın müəyyənləşdirilməsi; perimetriya, göz dibinin müayinəsi, tonometriya, biomikroskopiya, çəpgözlüyün növünün və çəplik bucağının təyini, refraktometriya, skiaskopiya, elektroretinoqrafiya, gözün USM-i, nevroloji müayinə və s.-dən ibarətdir.

Müalicə xəstəliyin inkişafına səbəb olan amillərin aradan qaldırılmasına yönəlmişdir; bu məqsədlə cərrahi (çəpgözlüyün korreksiyası, ptozun aradan qaldırılması, kataraktanın ekstraksiyası) və ya konservativ (eynək korreksiyası, pleoptika, penalizasiya, fizioterapiya) metod seçilə bilər.

Ambliopiya (“tənbəl” göz sindromu) gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir. Bütün dünyada ambliopiyadan əziyyət çəkənlər əhalinin 2%-ni təşkil edir. Ambliopiya əsasən uşaqlıq dövrünün xəstəliyidir,  buna görə də problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.

Ambliopiyanın Səbəbləri və Növləri Hansılardır?

Ambliopiyanın müxtəlif növlərinin birbaşa səbəbi müxtəlif faktorlar ola bilər:

Disbinokulyar ambliopiyanın səbəbi monolateral müştərək çəpgözlükdür. Bu zaman çəp göz görmə aktında iştirak etmir. Çəpgözlük zamanı ambliopiya patologiya olan gözdə inkişaf edir. Diplopiyanın qarşısını almaq üçün baş beyin çəp gözdə yaranan təsviri təzyiq altında saxlayır; bu da tədricən impulsların patologiyalı gözün torlu qişasından beyin qabığının görmə mərkəzinə ötürülməsinin kəsilməsinə gətirib çıxarır. Belə olan halda qüsurlu dövran yaranır: çəpgözlük bir tərəfdən disbinokulyar ambliopiyanın inkişafına səbəb olur, digər tərəfdən ambliopiyanın proqressivləşməsi çəpgözlüyü dərinləşdirir.

Obskurasion ambliopiyanın inkişafı, bir qayda olaraq, buynuz qişanın bulanıqlaşması (leykoma), anadangəlmə katarakta, yuxarı göz qapaqlarının ptozu, buynuz qişanın distrofiyası və travmaları, şüşəyəbənzər cisimdə kobud dəyişikliklər, hemoftalmiya ilə əlaqəlidir.

Anizometropik ambliopiyanın əsasında yüksək dərəcəli, korreksiya olunmamış anizometropiya durur: bu zaman ambliopiya refraksiyası daha çox pozulmuş gözdə inkişaf edir. Öz növbəsində, anizometropiyanın səbəbləri yüksək dərəcəli yaxını görmə (>8 dptr, bilateral), uzağı görmə (>5 dptr, bilateral), astiqmatizmdir (>2,5 dptr, istənilən meridianda).

Refraksion ambliopiya uzağı görmə (hipermetropiya), yaxını görmə (miopiya) və ya astiqmatizm uzun müddət optik korreksiya olunmazsa, inkişaf edir. Ambliopiya hər iki gözün verilmiş refraksiya fərqləri zamanı inkişaf edir: hipermetropik >0,5 dptr, astiqmatik >1,5 dptr, miopik >2,0 dptr.

Ambliopiyanın Diaqnostikası necə aparılır?

Görmə haqda ümumi məlumatı oftalmoloji testlərin köməyilə əldə edirlər. Bu testlərə görmə itiliyinin korreksiyasız və korreksiya ilə birgə müayinəsi, rəng duyğusunun müayinəsi, perimetriya, işığ şüalarının sınmasının təyini aiddir. Görmə itiliyinin azalmasından asılı olaraq ambliopiyanın təzahür dərəcəsi müəyyənləşdirilir.


Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et