Bu gün:

Munçauzen sindromu nədir?


Ədəbiyyatda saxta pozğunluq olaraq da adlandırılan "Munçauzen" sindromu, bir insanın tibbi yardım axtarmaq üçün maraq, diqqət və rəğbət qazanmaq üçün özünü xəstə kimi göstərdiyi nadir bir psixi pozğunluq növüdür. 

Munçauzen sindromuna tutulmuş insanlar xəstə görünmək üçün özlərinə zərər verməkdən, yalan danışmaqdan və ətraflarını manipulyasiya etməkdən çəkinmirlər. Məsələn, onlar tibbi testləri manipulyasiya edə, sidik testi qablarına qan tökə və ya simptomu təqlid etmək üçün özlərinə zərər verə bilərlər.


Munçauzen sindromlu insanlar bütün bu hərəkətləri ətrafdakıların diqqətini cəlb etmək və onları peşman etmək üçün edirlər. Onların heç bir maddi qazancı və ya başqa məqsədləri yoxdur. Bu insanlar ətrafdakıları xəstə olduqlarına inandırmaq üçün özlərinin bəzi hissələrini kəsib yandırır, zəhərləyir, yaraları yenidən açır, infeksiyaya səbəb olmaq üçün yaraya kir vururlar . Bundan əlavə, Munçauzen sindromu olan şəxslər bakteriya ilə çirklənmiş qidaları qəbul etməkdən çəkinmirlər.

Munçauzen sindromu, həyatı və təcrübələri haqqında hekayələr paylaşan 18-ci əsrdə Alman zabiti Baron Von Munçauzenin adını daşıyır.

Munçauzen sindromu olan insanlarda baş verən simptomların çoxu psixi pozğunluqdan çox fiziki xəstəliklə bağlıdır. Bu simptomlara sinə ağrısı , mədə problemləri və qızdırma daxildir. Bəzi simptomlar öz-özünə qoyulur, digərləri isə şişirdilir. Məsələn, insan görmə itkisi, qıcolmalar, oynaq ağrısı, baş ağrısı, halsızlıq, qusma və ishal kimi əlamətlərlə xəstəliyin vəziyyətini daha da bəzəyir.


Munçauzen sindromu diaqnozu necə qoyula bilər?

Munçauzen sindromu insanların qeyri-sabit, manipulyativ xarakterinə və yanaşmasına görə diaqnozu çətin olan bir xəstəlikdir. Bir şəxsin saxta adlar yaradaraq bir neçə həkim və xəstəxanadan istifadə etməsi, həmçinin məxfilik qaydaları əvvəlki tibbi təcrübələr haqqında məlumat toplamağı çətinləşdirə, hətta qeyri-mümkün edə bilər.

Əgər, həkimlər bu sindromlu insanlarda heç bir fiziki səbəb tapa bilmirlərsə və ya şəxsin bildirdiyi fiziki simptomların nümunəsi onun özünə zərər verdiyini göstərirsə, o zaman həmin şəxsi psixoloqa yaxud da psixiatra göndərəcəklər. Çünki, Munçauzen sindromlu insanların əsas problemi ümumiyyətlə psixoloji hesab olunur.


Munçauzen sindromunu necə müalicə etmək olar?

Munçauzen sindromunun əsas müalicəsi psixoterapiyadır . Psixoterapiyanın məqsədi insanın düşüncə və davranışını dəyişməyə diqqət yetirməkdir. Ailə terapiyası, həmçinin ailə üzvlərinizə Munçauzen sindromu haqqında daha çox məlumat əldə etməyə kömək edir. Qrup terapiyası isə təcrid hissini yaxud da heç kimin sizinlə maraqlanmadığı hissini azaltmaq və insanların sosiallaşmasına kömək etmək üçün edilir. Munçauzen sindromu üçün faydalı olduğu bilinən heç bir antidepresan və ya hər hansı bir dərman yoxdur.



Mənbə: memorial.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et