Bu gün:

Mətbəxinizi bu üsullarla dizayn edin!


Sizcə, evlərimizin ən funksional hissəsi əlavə diqqətə layiq deyilmi? Günün çox hissəsini keçirdiyimiz mətbəxləri kiçik toxunuşlarla sevimli istirahət məkanına çevirmək o qədər də çətin deyil. 

Rənglər vasitəsilə yeni bir otaq yaradın

Hər bir rəng insan zehnində fərqli "düymələri" sıxır və fərqli duyğular oyadır. Sakitlik axtarırsınızsa, pastel tonlara və ya yüksək enerjili bir mətbəx arzulayırsınızsa, qırmızı, narıncı kimi canlı rənglərə müraciət edə bilərsiniz. Mətbəxinizin, ən azı, bir divarını istədiyiniz rəngə boyayın və dekorda ümumi təsəvvürün necə dəyişdiyini özünüz görün.


Kiçik rəflər və bəzi aksesuarlar

Boyadığınız divar çox boşdur? Həlli çox asandır. Hər mağazada tapa biləcəyiniz bir neçə kiçik rəflə mətbəxinizdə yeni dekor yarada bilərsiniz. Divarın yerləşdiyi yerə və ölçüsünə görə seçdiyiniz rəfləri yığın və onların üzərinə sevimli kitablarınızı, zinət əşyalarınızı və kiçik aksesuarları qoyun. Divarı canlı rəngə boyamısınızsa, ağ rəflər böyük bir kontrast yarada bilər. Metal rəflərə üstünlük verirsinizsə, müasir sənaye mətbəxlərinin kiçik bir hissəsini yaradacaqsınız.

Özünüzə oturmaq üçün yer hazırlayın

Mətbəxlər çox vaxt dar yerlər olduğu üçün bəzəmək də çətinləşə bilər, ancaq kiçik bir stul və masa üçün kifayət qədər yer ayıra bilsəniz, mətbəx artıq sizin üçün yemək bişirmək üçün bir yer olmayacaq. İsti içkilərinizi asanlıqla içə biləcəyiniz, praktik qəlyanaltılarınızı edə biləcəyiniz və noutbuk, telefon, yaxud da kitabınızla zövq ala biləcəyiniz sevimli bir künc yaratmaq mətbəxinizin bütün "hekayəsini" yenidən yaza bilər. 


İşıqlandırma ilə mətbəxin ab-havasını dəyişin

İşıq təsviri sənətdə hər şeydir və dekorasiya, ilk növbədə, vizual zövqlərə xitab edən bir sahə olduğundan düzgün işığın seçilməsi görünüşdə böyük fərq yaradacaq. Mətbəxdəki dəzgahın altına, divardakı rəflərin yanına quraşdıracağınız işıq ilə ətraf mühitin enerjisini tamamilə fərqləndirə bilərsiniz. İşıqlı mətbəxinizin necə dəyişdiyinə heyran qalacaqsınız.

Təkcə mətbəx üçün deyil, bütün iqamətgahlar üçün deyilən “evi göstərən pərdədir” ifadəsi burada özünü doğruldur. Mətbəxdə heç bir dəyişiklik etməsəniz belə, sadəcə, pərdəni təzələməklə məkanın aurasını dəyişə bilərsiniz. İstifadə olunan rənglərin və materialların zərifliyi bir yana, otağı dolduran işığın dəyişməsi belə mətbəxinizin görünüşündə fərqli toxunuş yaradacaq.

Tərcümə etdi: Nuran Əhmədzadə

Mənbə: Milliyet

Paylaş
Şərh əlavə et