Bu gün:

Telefonda danışmaq qan təzyiqi riskini artıra bilər


Yeni elmi araşdırma həftədə 30 dəqiqə telefonla danışmağın yüksək təzyiq riskini artırdığını ortaya çıxarıb. Tədqiqatçılar bunun cihazların yaydığı radiotezlik enerjisi ilə bağlı ola biləcəyini bildiriblər.

Daily Mail-in xəbərinə görə, Çinin Cənub Tibb Universitetindən bir qrup cib telefonu ilə danışmaq və yüksək qan təzyiqi riski arasında əlaqə olub-olmadığını araşdırıb.

Araşdırma çərçivəsində İngiltərədə, təxminən, 200 min yetkin 12 il boyunca təqib edildi. Tədqiqat göstərib ki, həftədə 30 dəqiqə və ya daha çox telefondan istifadə edənlərin yüksək təzyiqə tutulma riski az danışanlara nisbətən, 12 faiz daha yüksəkdir.

Qeyd olunub ki, yüksək təzyiqə tutulma riski ən yüksək olan qrup gündə bir saat müntəzəm olaraq telefonla danışan şəxslərdir. Həmçinin, məlum olub ki, həftədə 6 saatdan çox telefonla danışanların yüksək təzyiqə tutulma ehtimalı 5 dəqiqədən az danışanlara nisbətən, 25 faiz çoxdur.

Tədqiqatçılar qeyd ediblər ki, mobil telefondan istifadə ilə yüksək qan təzyiqi arasında əlaqə qurğuların yaydığı radiotezlik enerjisinin aşağı səviyyədə olması ilə bağlı ola bilər. Bildirilib ki, iştirakçıların mobil telefondan istifadə etdiyi illərin sayı, qulaqlıq və ya dinamik kimi avadanlıqlardan istifadə edib-etməməsi risk səviyyəsində fərq yaratmayıb.

Mütəxəssislər ürək sağlamlığı baxımından telefon danışıqlarının azaldılması lazım olduğu barədə xəbərdarlıq ediblər.

Mənbə: Sözcü

Tərcumə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et