Bu gün:

Yasəmən çiçəyinin mənası, xüsusiyyətləri və faydaları nələrdir?


Yasəmən çiçəyi dünyada "Jasmin çiçəyi" kimi tanınır. Vətəni Himalay dağlarıdır. Yasəmən ən çox yetişdirilən beş çiçəkdən biridir. Əksəriyyət tərəfindən ona üstünlük verilməsinin ən böyük səbəbi qayğısının son dərəcə az olmasıdır. Böyütmək və saxlamaq çox asandır. Əsasən, günəşli və isti havaları sevməsinə baxmayaraq, ev və ofis mühitlərində asanlıqla yetişdirilə bilər. Gözəl qoxuya malik olan bu çiçək hündür yerə qoyularsa, çox tez çiçək açır. Həssas bitki olmadığı üçün qablarda və eyvanlarda da yetişdirilə bilər. 
Yasəmən çiçəyinin mənası

Yasəmən çiçəyi, ümumiyyətlə, zərifliyi, gözəlliyi, cəlbediciliyi və nəcibliyi təmsil edir. Qadın cinsini təmsil etdiyi üçün bir çox ölkələrdə qadın adı kimi istifadə edilir. İngilisdilli ölkələrdə "Jasmine" kimi tanınır. Qırmızı jasminlər sevgini simvollaşdırır. Sarı rənglər bolluq və bərəkət, həm də xoşbəxtlik rəmzidir.

Yasəmən çiçəkləri daha çox Aralıq dənizi iqlimində yetişdirilir. Nisbətən soyuq və sərin iqlimi olan bölgələrdə də yetişdirilə bilər. Adətən, sarı və ağ rəngdədir. Ancaq çəhrayı və bənövşəyi kimi canlı rənglərə sahib olan növləri də var. Bu yaxınlarda dünya miqyasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, 200-ə yaxın jasmin növü var. Bu çiçəklərin qoxusu gözəl olduğundan ətir və yağların hazırlanmasında istifadə olunur. Onun geniş becərilməsinin ən böyük amillərindən biri də hər növ torpaqda asanlıqla yetişdirilə bilməsidir.

Yasəmən çiçəyinin faydaları nələrdir?

Qoxusu son dərəcə rahatlaşdırıcı olduğu üçün narahatlıq və stressi azaldır. Zərif və canlı görünüşü ilə evlərin və ofislərin müxtəlif otaqlarında təbii aksesuar kimi istifadə oluna bilər. Qoxusu ilə hər mühiti daha gözəl və təravətli edir. Bu çiçəkdən hazırlanan çay insan sağlamlığı üçün çox faydalıdır. Depressiya əlamətləri olan insanların özlərini daha dinc və sakit hiss etmələrini təmin edir.

Yuxu problemi olan insanların yatmazdan bir neçə saat əvvəl yasəmən çayı içməsi tövsiyə olunur. Bu çiçək yuxuya getmə müddətini qısaldan və yuxu keyfiyyətini yaxşılaşdıran maddələrə malikdir. Qış aylarında gündə bir və ya iki stəkan içilsə, qrip, soyuqdəymə kimi xəstəliklərə qısa müddətdə qalib gəlməyə kömək edir. Boğaz və baş ağrılarını aradan qaldırır. Yasəmən çiçəyindən əldə edilən yağlar isə dəridəki ləkələri yox edir. Yaşlanma səbəbilə yaranan qırışları aradan qaldırmaq üçün də istifadə edilən bu yağlar dəridəki məsamələri daraltmaq və dərini nəmləndirmək üçün də ideal vasitədir. 

Yasəmən çiçəyinə necə qulluq etməli?

Bu çiçəklərə qulluq zamanı diqqət yetirilməli olan ən vacib məsələlərdən biri də suyun miqdarıdır. Suyu çox sevən yasəmən çiçəkləri, xüsusilə, yay aylarında laqeyd yanaşmadan suvarılmalıdır. Xüsusilə, iyul və avqust aylarında daha tez-tez suvarılmalıdır. Yaz-yay mövsümlərində həddindən artıq olmamaq şərti ilə nəmli torpaqda saxlanıla bilər. Ancaq qış gəlməmişdən əvvəl torpaq dəyişdirilməlidir. Budaqlar çox uzun olduqda, ucundan kəsilə bilər.

Mənbə: Milliyet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et