Bu gün:

İstehsalat təcrübəsi tələbələrin inkişafına necə faydalı ola bilər?


Bəzi tələbələr istehsalat təcrübəsinin effektiv təşkil olunmadığından narazıdırlar. Bəs bu nə ilə bağlıdır? İstehsalat təcrübəsi tələbələrin inkişafına necə faydalı ola bilər? 24Media.az bu mövzu ilə əlaqədar təhsil ekspertlərinə müraciət edib. Onların cavablarını təqdim edirik: 


İstehsalat təcrübəsi çox səmərəsizdir



Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, Təhsil tədqiqatçısı Elmin Nurizadə: Təəssüflə deməliyik ki, bizim universitetlərdə istehsalat təcrübəsi formal xarakter daşıyır. Sanki bir prosedur qaydasıdır və formal qayda da həyata keçirilməlidir. Şəxsən bu istiqamətdə müəyyən araşdırma aparmamışam ki, hansı universitetdə istehsalat təcrübəsinin effektivliyi və faydası nə qədərdir. Amma ümumi bir yanaşma götürəndə, tələbələr arasında bir sorğu keçirilən zaman, sosial şəbəkələrdə bununla bağlı yazdıqlarını görərkən, həmçinin universitetlərdə bu işlə bağlı görülən işlərlə maraqlanarkən istehsalat təcrübəsinin bizdə bir o qədər də uğurlu olmadığını görürük. Həmçinin müxtəlif istehsalat müəssisələri var ki, orada universitetlərdən istehsalat müəssisələrinə tələbələr gəlirlər. Mən demək olar ki, istər media, istər jurnalistika fakültəsinin tələbələri, istərsə də  digər istiqamətlər üzrə təhsil alan tələbələr olsun, orada bir razılıq görməmişəm. Həmçinin maraqlıdır ki, istehsalat təcrübəsinə gedən tələbələrdə də bir fərq yoxdur. Təbii ki, istisnalar həmişə var. İstehsalat təcrübəsinə gedib özünü göstərən, özünü ifadə etməyi bacaran sonra orada işlə təmin olunan tələbələrimiz də var. Bunlar konkret olaraq istisnalardır. Biz isə ümumi reallıqdan danışırıq. Ümumi reallıqda isə istehsalat təcrübəsi çox səmərəsizdir. Bununla bağlı müəyyən addımlar atılmalıdır. Xüsusilə də universitetlər bununla bağlı zəruri proqramlar hazırlamalıdır. Müxtəlif təkliflər paketi universitet rəhbərliyinə təqdim olunmalıdır və bu paketə əsasən həyata keçirilməlidir. Məsələn, istehsalat təcrübəsinə gedən tələbələrə məhz universitet tərəfindən simvolik olaraq müəyyən bir maddi yardım ayrıla bilər. Həmçinin onların praktika rəhbərinə də bu şamil oluna bilər. O cümlədən, istehsalat müəssisəsi, öz növbəsində praktikaya gəlmiş, özünü təsdiq etmiş, verilən tapşırıqları yerinə yetirmiş uğurlu tələbələri mükafatlandıra bilər. Bu ümumi qanunauyğunluğa çevriləndə istehsalat təcrübəsinə marağı artıracaq və formal yanaşmanı aradan qaldıracaq.


Bu hələ yalnız bir təklifdir. N sayda təklifləri irəli sürmək olar. Məsələn, bu günlərdə universitetlərlə tələbələri müxtəlif ixtisaslara görə praktikaya getdiyi müəssisələr arasında memorandum imzalanmalıdır. Memoranduma əsasən deyək ki, istehsalat təcrübəsində 5 tələbə və yaxud da 3 tələbə özünü yaxşı göstərdiyinə görə, verilən tapşırıqları uğurla yerinə yetirdiyinə görə həmin müəssisə tərəfindən işə qəbul olunacaq. Qoy tələbə bilsin ki, burada artıq rəqabət var. 



Universitet nümayəndələri ilə istehsal müəssisələrinin nümayəndələri əməkdaşlıq etməlidirlər



Təhsil eksperti Adil Vəliyev: Biz hər il eyni problemli məsələnin şahidi oluruq. Tələbələr və şirkət nümayəndələri istehsalat təcrübəsi barədə narahatlıqlarını dilə gətirirlər. Bəzən tələbələr istehsalat təcrübəsinin  effektiv təşkil olunmadığını bildirirlər. Şirkət nümayəndələri isə bildirirlər ki, tələbələr istehsalat təcrübəsinə laqeyd yanaşırlar. Düşünürəm ki, bu problemin həll olunması üçün həm şirkət, həm də universitet nümayəndələri görüşməlidirlər. Və onlar, yəni universitet nümayəndələri istehsalat təcrübəsində şirkət nümayəndələrinin tələblərini, təkliflərini dinləməlidirlər. Eynilə də şirkət nümayəndələri universitet rəhbərlərini dinləməlidirlər. Və qarşılıqlı anlaşma olduqdan sonra düşünürəm ki, bu problem kökündən həll oluna bilər. Məsələn, mənim də əməkdaşı olduğum universitetdə – Bakı Mühəndislik Universitetində biz əvvəlcədən şirkətlərlə görüşürük. Onların təklif və tələblərini dinləyirik. Biz çox vaxt istehsalat təcrübəsinə göndərdiyimiz tələbələrin orada təcrübə müddətini bitirdikdən və məzun olduqdan sonra həmin şirkətlərdə qalıb işləyə bildiklərini görürük. Həmin şirkətlər bizim məzunumuzu artıq öz əməkdaşı kimi işə cəlb edir, əməkdaşlıq müqaviləsi bağlayır. 


Düşünürəm ki, ən çox da universitet nümayəndələri qarşı tərəfin, yəni şirkət nümayəndələrinin maraqlarını öyrənməlidilər.(Hansı ixtisasa sahib olan, hansı ixtisasda təhsil alan tələbələri, hansı ortalama və ya dil bacarığı olan tələbələri istəyirlər). Əgər tələbələr gələcəkdə iş tapmaq kimi bir problem yaşamaq istəmirlərsə, sözsüz ki, təcrübə proqramından, istehsalat təcrübəsindən maksimum yararlanmalıdırlar.

Tələbələrə nə isə öyrətmək onların təcrübəsinin faydalı keçməsindən məsul şəxs həmin müəssisənin rəhbəridir




Təhsil eksperti Qoşqar Məhərrəmov: İxtisasından asılı olmayaraq, bir çox tələbələr istehsal təcrübəsi prosesini normal bir formada etmirlər. Yəni onlar istehsal təcrübəsində, əslində, olmur, sadəcə bunu bir sənəd halında kiməsə hazırladırlar. Məsələn, iş yerinə gedirlər, deyirlər mən gəlməyəcəm, mənə bir sənəd hazırla ki, bu istehsalat təcrübəsində olmuşam. Bu, böyük bir problemdir. Bunu universitet yoxlamalıdır ki, həqiqətən, bu tələbə istehsalat təcrübəsində olubmu, vaxtı-vaxtında gedirmi, gəlirmi, prosesləri izləyirmi? 


Digər problem tələbə istehsalat təcrübəsinə gedir, amma istehsalat təcrübəsi ona nə isə vermək istəmir. Yəni istehsalat təcrübəsi, müəssisəsi, şirkəti, təhsil müəssisəsinin rəhbəri oraya – təcrübəyə gələn tələbəyə bir şey öyrətmək üçün çalışmalıdır. Bu, onun öhdəliyidir. Həmin tələbələrə nə isə öyrətmək onların təcrübəsinin faydalı keçməsindən məsul şəxs bir mənada həmin müəssisənin rəhbəridir. Müəssisədə çalışan işçilər, məsələn, usta, usta başı, müəllim, həkim oraya gələn tələbələrə mütləq nə isə öyrətməyə çalışmalıdırlar. Bu problemin həlli universitetə düşür. İşin yaxşı keçməyinə, icra olunmağına nəzarət edilməlidir. 3-cü tərəf isə bu dəfə də universitetdir. Universitet yenə müəssisələrin rəhbərləri ilə əməkdaşlıq qura bilər. Həmin istehsalat təcrübəsini daha yaxşı edə bilmək üçün müzakirələr apara bilər. Xüsusilə də, icbari formada, yuxarıdan gələn qərarlarla aparılan istehsalat təcrübələrində keyfiyyət alınmadığı görünür. Deməli, istehsalat təcrübəsinə gedən tələbə həmin iş yeri üçün nə isə işə yaramalıdır. Belə sistem qurulmalıdır: məsələn, bir zavodda hansısa, bir usta və ustabaşılar var. Tələbə ora gəldiyi zaman onların işinə kömək olur. Onların işi hər hansı bir formada bir az da olsa, azalır. Tələbələr hansısa texniki işləri görürlər. O zaman onlara maraqlı olacaq ki, onların istehsalat təcrübəsi üçün tələbələr gəlsin. Və o zaman onlara nə isə öyrətməkdə maraqlı olacaqlar. Yəni hər bir insan burada maraqlı olmalıdır ki, bu işin prosesi və keyfiyyəti yaxşı getsin. Regionşünaslıq ixtisasında oxuyan tələbələr düzgün təcrübə müəssisələrinə istiqamətlənməyib. Bu, böyük problemdir. İstehsalat təcrübəsi məhz formal xarakterli olmamalıdır. Yəni regionşünaslıq məzunları daha çox müzeylərə, səfirliklərə, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinə gedə bilərlər.

 

Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et