Bu gün:

Uşaqları başa düşməyin yolu: Oyun terapiyası


Uşaqların özlərini təsvir etmək üçün kifayət qədər sözləri olmadığı üçün böyüklər üçün uşaqları başa düşmək elə də asan deyil. Onların təxəyyüllərini ən yaxşı şəkildə əks etdirdikləri oyunlar onları başa düşməyin ən yaxşı yollarından biridir. Ancaq emosiyaya əsaslanan problemlər üçün istifadə edilən oyun terapiyası bioloji və ya fizioloji problemlərə fayda vermir.

Ev-ev, həkimlik, gizlənqaç... Oyunlar uşaqların təxəyyülünün nə qədər zəngin olduğunun göstəricisidir. Bir çox oyunları qurmaq, oynamaq və inkişaf etdirmək uşaqların daxili dünyalarına səyahət etmək deməkdir.

Psixologiya elmi oyun terapiyasından istifadə etməklə bu səyahətlərin nə qədər dəyərli olduğunu ortaya qoyur. Çünki uşaq sözlə izah edə bilmədiyi problemini oyun oynayaraq deyə bilər. Oyun terapiyası böyüklərin psixoterapiyasından fərqli olaraq, bir-biri ilə danışmaqla deyil, oyun oynamaqla həyata keçirilir.

Qorxu və narahatlıq uşağın beyninə necə təsir edir?

Klinik Psixoloq Büşra Sel Cengizlə oyun terapiyasının nə olduğunu, nə işə yaradığını və necə tətbiq olunduğu ilə bağlı suallarının cavabı ətrafında söhbətləşdik.

Oyun terapiyası necə aparılır?

Hər bir terapiya kimi, seansdan əvvəl uşaqların hekayələri soruşulur. Valideynlər tərəfindən verilən bu məlumat psixoloqların uşaqlarla quracaqları dialoq və oyun üçün çox dəyərli bələdçidir. Cengiz terapiyanın başlanğıcından danışır:

Oyun terapiyası 2-3 yaşdan 12 yaşa qədər uşaqlara tətbiq oluna bilən psixoterapiya növüdür. Oyun terapiyası ilə böyüklər psixoterapiyasının fərqi ondan ibarətdir ki, bu, qarşılıqlı oturub danışmaqla deyil, müxtəlif oyuncaqlar və fəaliyyət ləvazimatları olan otaqda oyunlar vasitəsilə həyata keçirilən terapiya növüdür. Oyun terapiyasına başlamazdan əvvəl valideynlərlə müsahibə keçirilir və ailənin tarixçəsi götürülür. Növbəti seanslar uşaqla oyun otağında keçirilir. Uşaqla oyun terapiyası seanslarından əlavə, ailə ilə əks əlaqə seansları da keçirilir”.

Neçə seans çəkir?

Büşra Sel oyun terapiyasının neçə seans davam edəcəyini təxmin etmək mümkün olmadığını, ancaq ilk seansdan dəyişikliyi gözləməyin lazım olmadığını vurğulayır.

İlk oyun seansları adətən uşağın oyun otağını araşdırdığı, terapevtlə əlaqələr və ittifaqlar qurmağa başladığı seanslardır və böyük terapevtik irəliləyişlər müşahidə olunmur. Uşaqla terapevt arasında əlaqə qurulduqdan sonra əsas oyun terapiyası başlayır."

"Oyun otağında heç kim uşağa nə edəcəyini deməz"

Uşağın özünü rahat hiss etməsi üçün həm mühitin rahatlığı, həm də terapevtlə münasibət çox önəmlidir. O qədər ki, duyğuların sağlam əks olunması və şərhi bunun sayəsində uğurlu olur, Büşra Sel deyir:

Oyun terapiyasında ən əsas prinsip terapevtin uşağı olduğu kimi qəbul etməsi və uşaqla səmimi münasibət qurmasıdır. Oyun otağında heç kim uşağa nə edəcəyini demir, o, istədiyini istədiyi kimi edir. Oyun otağı uşağa sərbəst, qəbuledici, icazə verən və təhlükəsiz mühit təklif edir, burada böyüklər tərəfindən təhqir, tənqid və müdaxilə yoxdur. Uşaq yolu təyin edir, terapevt isə onu izləyir. Digər əsas prinsip ondan ibarətdir ki, terapevt uşağın öz oyunlarında ifadə etdiyi və ya ortaya çıxardığı emosiyaların fərqinə varır və bu emosiyaları uşağa əks etdirir ki, onun davranışı haqqında fikir əldə edə bilsin. Beləliklə, uşaq təkcə öz hisslərini ortaya qoymur, həm də terapevt bu hissləri qəbul edib əks etdirən zaman emosiyaları emal etməyə və anlamağa başlayır”.

Uşaqlar niyə oyun vasitəsilə özlərini ifadə edə bilirlər?

Oyun uşaqlar üçün ən təbii özünü ifadə vasitəsidir” deyən Büşra Sel, böyüklərin dildən bacarıqla istifadə edə bildikləri üçün fikirlərini şifahi şəkildə ifadə edə bildiklərini qeyd edir, lakin uşaqlarda şifahi inkişafın hələ bu səviyyədə olmadığını deyir. Narahatlıq, güvənsizlik, qorxu, qəzəb kimi yığılmış hisslərini ifadə etməsi üçün ən təsirli fürsətdir. Böyüklər danışaraq, uşaqlar oynayaraq özünü ifadə edir. Oyun uşaqların öz təcrübələrini anlamlandırmaları və emal etmələri üçün zehni həzm vasitəsi kimi çıxış edir.” o, davam edir.

"Bir çox müxtəlif psixoloji problemlər üçün tətbiq oluna bilər"

Beləliklə, hər bir uşaq oyun terapiyası ala bilərmi? Büşra Sel hansı psixoloji problemlərdə oyun terapiyasının alınması lazım olduğunu belə izah edir:

Oyun terapiyası uşaqlarda müxtəlif psixoloji problemlərə tətbiq oluna bilər. Müxtəlif travmalar (zorakılıq, sui-istifadə, itki...), depressiv simptomlar, narahatlıq və qorxular, qəzəb və aqressiya, davranış problemləri, aşağı özünü qavrayış, introversiya, adaptasiya və uyğunlaşma problemləri (boşanma, köçmə, məktəb...) kimi emosional əsaslı problemlər və fiziki səbəbsiz psixosomatik ağrılar, selektiv mutizm (selektiv lallıq), narahatlıqla əlaqəli tiklər, yuxu və yemək problemləri kimi sahələrdə yaxşı nəticələr verdiyi bilinir."

“Oyun terapiyası bioloji və fizioloji problemlərə fayda vermir”

"Lakin oyun terapiyası hər uşaq üçün lazımlı və ya uyğun olmaya bilər" deyə Cengiz əlavə edir. Bioloji və fizioloji problemlər bu terapiyanın fayda vermədiyi əsas sahələrdir:

Oyun terapiyası əsasən emosiyaya əsaslanan problemlər üçün istifadə olunur, çünki o, emosiyaların ifşa olunmasına və onlara müraciət edilməsinə imkan verir, lakin bioloji və ya fizioloji problemlər üçün faydalı deyil. Məsələn, uşaqda inkişaf pozğunluğu və ya geriliyi varsa, oyun terapiyası bu inkişaf pozğunluqlarının müalicəsində nəticə verməyəcək. Bəzi hallarda, oyun terapiyası mövcud problemin yaratdığı digər emosional problemlər üçün istifadə edilə bilər. Məsələn, diqqət əskikliyi və hiperaktivlik pozğunluğu olan uşaqda oyun terapiyasının diqqətin artmasına təsiri minimal olacaq, ancaq diqqət səbəbiylə özünü qavrayışı azalan uşağın özünə inamını və özünə hörmətini artırmağa kömək edəcəkdir."

Mənbə: CNN Türk

Tərcümə edən: Gülsər Qədirli


Paylaş
Şərh əlavə et