Bu gün:

Saç ağarmasının səbəbi nədir?


Hər bir folikülün dibində dərinin ikinci təbəqəsi olan dermis tərəfindən qidalanan bir tük hüceyrəsi var. Bu hüceyrənin içərisində olan toxuma konusları - papilla və matris - saç telini meydana gətirən kimyəvi maddələri bir araya gətirir. Saç teli hələ də uzanarkən, o, minlərlə melanin piqmenti ilə örtülüb. Melanositlər adlanan hüceyrələr müxtəlif çalarlarda insanların saç rənglərini yaratmaq üçün iki əsas "rəng" istehsal edir və qarışdırırlar. Piqmentlərdən birincisi, eumelanin qaradan açıq qəhvəyi rəngə qədər bütün rənglərin yaradıcısıdır. İkincisi, feomelanin qızıl sarı saçlar və qırmızı tonlardan məsuldur.

 Formasına, növünə və sıxlığına görə dəyişən piqmentlər son nəticədə minlərlə rəngdən ibarət ekzotik rəng palitrası yaradır. İnsanların çoxunun saçları doğulanda sarı olur, lakin zaman keçdikcə melanositlər aktivləşdikcə saçın rəngi qaralır. Saçlar orta yaşa qədər tədricən qaralır və gənclikdə sarışın olan bir çox insan sonrakı illərdə saçlarını qaraşın və ya qırmızı-qəhvəyi tonlara çevirir. İyirminci yaşlardan sonra melanosit istehsalı azalır. Bu yaşdan sonra uzanan saçlar piqment payını tam ala bilmir və rəng itkisi başlayır. Melanosit öz canlılığını tamamilə itirdikdə, saç piqmentsiz böyüyür və saç zülalının təbii rəngini alır: 

Boz kimi gördüyümüz saçlar əslində yeni yetişən ağ və rəngli saçların qarışığından başqa bir şey deyil. Saçınızın tonundan asılı olaraq saçınızın ən azı 50 faizi ağardığında, onun mövcud rəngli saçlarınızla qarışığı sizi ağ saçlı insana çevirir. Çünki rəngli saçlarla ağ saçlar arasındakı ziddiyyət qaraşınlarda çox daha aydın görünür. Açıq rəngli saçların tamamilə ağarması çox daha çətindir. Herpes, tif, malyariya və ya ağır qrip kimi bir çox xəstəliklər də saçların ağarmasına səbəb ola bilər. Bundan başqa, güclü travma, radiasiyaya məruz qalma, qalxanabənzər vəzinin həddindən artıq işləməsi, şəkərli diabet, düzgün qidalanmama, xoralı kolit və anemiya saçların ağarmasına səbəb olan digər amillərdir. Saçınızın necə "bir gecədə ağ" olduğunu başa düşmək üçün saçın təbii şəkildə necə uzandığını bilmək lazımdır. Saç teli üç fazalı bir prosesdən keçir. Birinci mərhələdə, yəni böyümə zamanı yeni saç teli ayda orta hesabla bir santimetr sürətlə böyüyür. İki ildən altı ilə qədər böyüdükdən sonra bir neçə həftəlik hərəkətsiz dövrə keçir. Növbəti üç ay ərzində saç teli istehsal mərkəzindən, papilladan ayrılmağa başlayır. Yeni bir proses başlayanda arxasınca gələn tüklər köhnəni itələyir və köhnə saç tökülür və yerində yenisi çıxmağa başlayır. Bəzən stress nəticəsində yaranan “Alopecia areata” adlı immunitet sistemində yaranan pozğunluq ilkin mərhələdə saç telini vurur.

Xəstənin çoxlu qara saçları və bir neçə gözə dəyməyən ağ telləri varsa, pozğunluq köhnə tünd saçların tökülməsinə səbəb olur və çox sayda ağ iplikləri geridə qoyur. Xəstənin saçları bir gündən digərinə ağarır. Keçmişdə elm adamları ağarmış saçların heç vaxt əvvəlki rəngini qaytarmayacağına inanırdılar. Bununla belə, son araşdırmalar göstərdi ki, bəzi hallarda saçlar istirahət edən melanositləri işə salmaqla və onların əvvəlki rəngləmə xüsusiyyətlərini bərpa etməklə orijinal rənginə qaytarıla bilər.

Bəzi qeyri-steroid, antiinflamatuar maddələr saçın piqmentasiyasında mühüm rol oynaya bilər. B-12 vitamini qəbul edən anemiya xəstələrinin ağarmış saçlarının zamanla əvvəlki rənginə döndüyü müşahidə edilib. Bəs saçlarınızın ağarmağa başladığını fərq etdikdə nə etməlisiniz? Bəzi insanlar saçlarının ağarması ilə maraqlanır, lakin onların əsl problemi etibarsızlıqlarıdır. Tədqiqatçılar müəyyən ediblər ki, saçlarını boyamağa müqavimət göstərən insanlar bir müddət sonra saçlarının rəngindən çox razı olurlar. Bununla belə, saç rənginə nəzarət etmək istəyənlər üçün geniş seçim var. 

Mənbə: Hccare

Tərcümə etdi: Pərvin Əhədov

Paylaş
Şərh əlavə et