Bu gün:

“Kino böyük maliyyə tələb edən sənətə çevrilib”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi kinoşünas Aygün Aslanlıdır. O, kino sahəsinə maliyyə ayrılmamasının səbəblərindən danışıb.


Sizcə, Azərbaycan filmlərinə maliyyə ayrılmamasının səbəbi nədir?


Kino təkcə Azərbaycanda yox, bütün dünyada yarandığı vaxtdan etibarən yavaş-yavaş bahalı, yəni böyük maliyyə tələb edən sənətə çevrilib. Kinonun yaranması bir nəfərdən asılı deyil. Burada böyük bir komanda olur. Ən az büdcəli filmdə belə ən azı 30-40 nəfərə qədər insan işləyir. İndi çoxunu təsəvvür edin. Bütün dünyada kinoya vəsait ayrılması çətindir. Yalnız Hollivudu istisna hal kimi götürmək olar. Çünki Hollivudda istehsalat sistemi tamamilə fərqlidir. Qısası, film istehsalı mütləq müəyyən vəsait tələb edir. 


Mədəniyyətin, incəsənətin bir sahəsi olan kinonun inkişafında maraqlı olan dövlətlər müxtəlif qanuni tənzimləmələrlə prodüser şirkətlərinin, rejissorların maliyyə tapmasına şərait yaradırlar. Ölkədə müxtəlif fondlar fəaliyyət göstərir, vergi güzəştləri, prokatda, distribusiyada güzəştlər və s, yerli kinoya verilən kvotalar olur. Hətta dövlət sifarişi ilə film çəkmək istəməyən və yaxud mədəniyyət nazirliyinin elan etdiyi müsabiqələrdən keçə bilməyib, amma film çəkmək, müstəqil işləmək istəyənlər də az büdcəli film üçün də olsa, maliyyə tapa bilirlər. Bu, güzəştlərin, tənzimləmələrin sayəsində mümkün olur. Azərbaycanda bunların heç biri yoxdur. Yeganə maliyyə mənbəyi dövlətdir. O, maliyyəni mədəniyyət nazirliyinə ayırır. Bu vəsait təxminən, 5,6 milyon olur və ildən-ilə dəyişə bilər.  Sözügedən məbləğ təkcə istehsalat üçün yox, kino sahəsinə aid bütün digər xərclər üçün də nəzərdə tutulur. Məmurlar da istehsalat üçün qalan cüzi məbləğin ünvanına çatmasına problemlər yaradırlar, istehsalçıya çatmasın maneə olurlar.  


Baxmayaraq ki, müsabiqələr keçirilirdi, pitçinqlər olurdu, qaliblər seçilirdi, lakin artıq üç ildir ki, Azərbaycanda dövlət dəstəyi ilə film çəkilmir. Müəyyən bəhanələrlə maliyyənin verilməsini ləngidirdilər. Belə süni problemlər kino çəkilməsinə maneə olur. Vergi güzəştlərinin olmaması, fondlarla əlaqənin imkansızlığı, ölkədə, ümumiyyətlə, fondların fəaliyyətinə imkan verilməməsi həm müstəqil kinoya, həm də dövlət sifarişi ilə çəkilən filmlərin  istehsalına maneə olur. Müstəqil rejissor da xaricdə hər hansı bir fonda büdcə tapmaq üçün müraciət edəndə, ona, birinci, "sənin ölkən səni nə qədər dəstəkləyir?" sualını verirlər.  Əgər öz ölkən səni dəstəkləmirsə, o fondlar da maraq göstərmirlər.


Elşən Soltanzadə

Paylaş
Şərh əlavə et