Bu gün:

“Ramazan, həmçinin mənəvi enerji bolluğu, ruh coşğunluğudur”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı sağlam qidalanma üzrə mütəxəssis Amalya Rəhimovadır. O, oruc tutanların düzgün qidalanma prosesləri haqqında danışıb.

-Oruc tutan insanlar necə düzgün qidalanmalıdır?


Çeşidli nemətlərlə bəzədilmiş zəngin iftar süfrəsi, sahur naz-neməti insanda bir başqa ovqat yaradır. Zənn etmək olar ki, gün boyu ac-susuz qalmış orqanizm hətta daşı da əridər.

Bəs bu barədə elm nə deyir?

Fizioloji baxımdan həzm sistemi sutkanın yalnız işıqlı vaxtı aktivdir: axşam saatlarında, hava qaraldıqda isə dincəlir, yəni həzm xeyli zəifləyir. Buna görə bu vaxt yeyilən ağır yeməklər həzm olunmayaraq mədə-bağırsaqda ləngiyir və köp, mədədə ağırlıq, yanğı hissi, narahatlıq törədir. Eyni zamanda, sahurda iştahasızlığa səbəb olur, gün boyu tox saxlayır və enerji verəcək qidanın qəbulunu əngəlləyir. 

Orucluqda bir çoxlarının halsız, yorğun olması məhz gecə yeməyinin tam parçalanmaması, faydalı maddələr yerinə zərərlilərinin əmələ gəlməsi ilə bağlıdır. Bu baxımdan həzmin rahat getməsi, gün ərzində isə enerjili olmaq üçün iftar süfrəsində bol su, çay, meyvə-tərəvəz, ağartı qəbul etmək, əsas qida qəbulunu isə sahura saxlamaq daha məqsədəuyğundur. Belə olduqda sahurda, yəni səhərin açılmasına az qalmış yeyilən "ağır" yemək gündüz rahat həzm olunub orqanizmi aktiv fəaliyyət üçün gərəkli maddələrlə yetərincə təmin edəcək.

Əlbəttə ki, ağız dadından, yaşından, həzm gücündən, fiziki fəaliyyət növündən asılı olaraq Ramazan süfrəsi fərdi və fərqlidir. Təqdim edilmiş nümunə isə yalnız bir variantdır. Və ola bilər ki, illərdir iftarı bol, imsakı boş edən bir çoxlarının həzmsizlik, köp, narahatlıq, diskomfort problemi məhz bu rejimlə həll olunacaq, orucluq daha rahat keçəcək və orucluqdan gözlənilən şəfa qat-qat artacaq.

Ənənəvi qaydada qidalanmada isə, yəni, axşam doyunca yedikdə, təbii vasitələr: məsələn, razyana, cirə dəmləməsi və ya yeməkdən sonra bu toxumlarını yarım çay qaşığı çeynənilməsi yaranan həzm problemlərinin həllində kömək edəcək. Amma Ramazan tək qida-su məhdudiyyəti, yemək həzmi məsələsi deyil. Bu, mənəvi enerji bolluğu, ruh coşğunluğudur. Dərgah qapıları açılır, dua və niyyətlər qəbul olunur. Mədəmiz qidanı həzm etdiyi kimi, ruhumuz da hissləri həzm edir. Həm yaxşı, həm də düşündürücü hissləri "həzm" etmək, daha yüksək, daha ali mənəvi səviyyəyə yetmək üçün müqəddəs ay bəşəriyyətə verilmiş bir şansdır. Keçmişini yad edib gələcəyə ümidli olmağa bir imkandır.        

Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et