Bu gün:

Osman Həmdi Bəy-İstanbul xanımı


"İncəsənətin inciləri" rubrikası Osman Həmdinin "İstanbul xanımı" əsəri ilə davam edir.

İnsanlar yaranandan bəri duyğularını müxtəlif yaradıcı üsullarla ifadə etməyə çalışıblar. Rəsm bu ifadə tərzinin ən mühüm vasitələrindən biridir. Min illər boyu mağara rəsmlərindən tutmuş post-modern sənətə qədər bir çox fərqli rəsm üslubu istehsal edilmişdir. Bu əsərlərdən bəziləri əsrlər keçsə də, öz təsirini itirmir.

"Qadınlar" ən çox rəsm mövzusu olan fiqurlardır. Təbii halı, hətta ən kiçik mimikaları əsrlər boyu müzakirə edilən Leonardo da Vinçinin "Mona Liza"sı bəlkə də dünyanın ən tanınmış qadın simasıdır. Osman Həmdi bəyin 1881-ci ildə tamamladığı “İstanbul xanımı” türk rəssamlıq tarixinin ən önəmli qadın siması sayıla bilər. 

Bu əsər türk rəssamlığında tam boylu insan təsvirinin ilk nümunələrindən biridir. Kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş, 1,85 x 1,09 santimetr ölçüdə olan tablo Osman Həmdi bəyin ölçü baxımından məlum olan ən böyük əsəridir.

Əsərdə qızılı atlaz parçanın qarşısında gənc qadın dayanır. Qadın o dövrdə İstanbulda hökm sürən Paris dəbinə uyğun, həm də Osmanlı qadınlarının geyim tərzinə uyğun paltar geyinib.

Əsərdə uzun duvaqlı təsvir edilən xanım, müsəlman mədəniyyətini əks etdirir. Şəkildə arxa pərdə və yerdəki mükəmməl çəkilmiş xalça da diqqəti cəlb edir. Osman Həmdi bəy Parisdə böyüdüyü üçün türk mədəniyyəti ilə Avropa mədəniyyətindən bir yerdə istifadə edən rəssamdır. Türk dəyərləri ilə Paris modasını birləşdirdiyi bu cazibədar qaraşın gənc qadın, bəlkə də o dövrdə İstanbulda dominant olan Paris modasını nəzərdə tutur. Rənglərin gradasiyası, kontrast, perspektiv və dərinlik rəsmə bütövlükdə baxanların təxəyyülündə iz buraxır.

Əsərdə klassik Osmanlı və Səlcuqlu xalçalarına xas həndəsi motivlər aydın şəkildə çəkilib.

2008-ci ilin mayında əsər Sothbey's-in Londonda təşkil etdiyi Şərqşünaslıq Əsərləri Hərracında adı və milliyyəti gizli saxlanılan bir alıcı tərəfindən 3 milyon 380 min 500 funt sterlinqə alınıb; O, 2019-cu ildə Vyanadakı Dorotheum İncəsənət Qalereyasında satışa çıxarılıb və anonim sənətsevər tərəfindən 1 milyon 770 min 300 avroya alınıb.

Hazırladı: Gülay Qəribova

Mənbə: http://www.3nokta.com/istanbul-hanimefendisi-tablosu-ve-osman-hamdi/

Paylaş
Şərh əlavə et