Bu gün:

Bizi nə qədər patogen xəstə edə bilər?


Bir insanın bakteriya, parazit və ya virus kimi xəstəlik törədici (patogen) səbəbiylə xəstələnməsi üçün patogen ilk növbədə dəri, selik, kirpik və ya mədə turşusu kimi təbii müdafiə mexanizmlərini aşaraq bədənə daxil olmalıdır. 


Bəzi bakteriya və parazitlər bədənin demək olar ki, hər yerində çoxala bilsə də, viruslar kimi bəzi patogenlər bunu yalnız hüceyrə daxilində edə bilir. Bunun baş verməsi üçün patogen orqanizmin immun sisteminə də qalib gəlməlidir. Buna görə də, davamlı olaraq patogenlərə məruz qalsaq da, vücudumuza daxil olan patogenlərin sayı adətən müdafiə mexanizmimizdən keçmək üçün çox az olur.


Kifayət qədər patogenlər bədənimizin müdafiə mexanizmini aşarsa və çoxalmağa başlayarsa, xəstələnirik. Çox vaxt bu, sadəcə rəqəmlər oyunudur. Nə qədər çox işğalçı ilə döyüşsək, bir o qədər xəstələnirik.


Xəstələnməyə başlamazdan əvvəl bədənə nə qədər patogenlər daxil olmalıdır?


Xəstəliyə səbəb ola biləcək patogenlərin sayı "infeksion doza" adlanır və bu say patogenin növündən asılı olaraq dəyişir. Ümumiyyətlə, çox az patogenlər xəstəliyə səbəb ola bilər. Bununla belə, bəzi patogenlər çox az olmasına baxmayaraq hələ də infeksiyaya səbəb ola bilər. Məsələn, yaxın təmas və ya eyni səthlərə toxunaraq yayıldığı bilinən norovirusun yoluxucu dozası 18 virusa qədər az ola bilər. Bu, xəstəliyin başqa insanlara asanlıqla keçməsinə səbəb olur. Eyni zamanda, norovirus hətta bədəndən kənarda da çox davamlıdır. Buna görə də, yoluxmuş şəxs tərəfindən ətrafdakı obyektlərə ötürülən viruslar bir neçə gündən sonra başqalarını asanlıqla xəstə edə bilər.


Tədqiqatçılar patogenin yoluxucu dozasını necə hesablayırlar?


Yoluxucu dozanın hesablanması üçün aparılan tədqiqatlarda, ilk növbədə, insanlara qəsdən patogenin bir dozası verilir. Bununla belə, bu üsul ciddi xəstəlik və uzunmüddətli fəsadlar riski daşıdığı üçün etik problemlər də gətirir. Bunun əvəzinə tədqiqatçılar patogendən asılı olaraq qvineya donuzlarından, siçovullardan, siçanlardan və ya ferretlərdən istifadə edə bilərlər. Lakin heyvanları və insanları xəstələndirə bilən patogenlərin sayı fərqli ola bildiyi üçün tədqiqatçılar yoluxucu dozanı təyin etməkdə çətinlik çəkirlər.


Bundan əlavə, infeksiyaya səbəb olan patogenin orqanizmə daxil olma yolu da infeksion dozanın hesablanmasında vacibdir. Birbaşa qan dövranına daxil olan patogenin yoluxucu dozası ağızdan və ya ağciyərdən daxil olan patogenin yoluxucu dozasından azdır. Çünki birbaşa qan dövranına daxil olan patogen orqanizmin müdafiə mexanizmini böyük ölçüdə üstələyib.


Yoluxucu dozanı təyin etməyin başqa bir yolu müşahidə etməkdir. Bunun üçün tədqiqatçılar bir insanın xüsusilə ailələrdə və ya digər yaxın təmas mühitlərində nə qədər müddətdir xəstəliyə məruz qaldığına baxaraq təxmin edirlər.


Niyə bəzi patogenlərin yoluxucu dozaları digərlərindən daha yüksək və ya aşağıdır?


Tədqiqatçıların fikrincə, bəzi patogenlərin digərlərinə nisbətən daha yüksək və ya aşağı yoluxucu dozaları onların hüceyrələrə təsir üsulu ilə bağlıdır. Ev sahibi hüceyrələrlə birbaşa təmasda olan patogenlər, zülal ifraz etməklə, dolayı yolla hüceyrələrlə təmasda olan patogenlərə nisbətən daha az yoluxucu dozaya malikdirlər.


Mənbə: bilimtubitak

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et