Bu gün:

G qüvvəsi nədir?


Yol açıqdır, kəmərinizi bağlamısınız. Avtomobilinizin sıfırdan 100 kilometrə qədər getməsi üçün neçə saniyə lazım olduğunu yoxlamağa qərar verdiniz. Qapalı ərazidə olduğunuzu və sürət həddi olmadığını fərz etsək, qaza basırsınız. Təxminən 6 saniyə ərzində avtomobilinizin spidometri saatda 100 kilometrə çatdı və siz bu sürətlənmə boyu oturacağınıza yapışdınız. Sizi oturacağınıza yapışdıran bu sürətlənmə sizə tətbiq olunan G qüvvəsinin tərkib hissəsidir və təxminən 0,44 g-a bərabərdir.

Maşını saxladınız və düşdünüz. Sizə hələ də G qüvvəsi tətbiq edilir, lakin siz bunu hiss etmirsiniz, çünki sürətlənmə yoxdur. Bu G qüvvəsi Yerin cazibə qüvvəsindən qaynaqlanır və sizi 1 g sabit dəyəri ilə Yerin mərkəzinə doğru sürətləndirməyə çalışır.


Burada qeyd etmək faydalıdır: Avtomobilinizi dayandıra bilməyib saatda 100 kilometr sürətlə sabit divara, maneəyə və ya avtomobilə çırpılsanız, məruz qalacağınız təqribən 100 g qüvvə orqan və damarlarınızda ciddi daxili qanaxmaya və parçalanmaya səbəb olacaq, nə qədər yaxşı sürücü olduğunuzun əhəmiyyəti qalmayacaq, siz və digər insanlar çox güman ki, belə qəzalarda sağ qala bilməyəcəksiniz.


G qüvvəsi öz adını cazibə qüvvəsi mənasını verən “qravitasiya” sözündən götürür. Akselerometr ilə ölçülə bilən sürətlənmə dəyərlərinə G qüvvəsi deyilir. Başqa sözlə desək, G qüvvəsi sayəsində bir cismə tətbiq edilən qüvvə hər hansı bir istiqamətdə sürətlənərək və yavaşlayaraq "çəki" dəyəri əmələ gətirir. Ağırlıq yaratmaq üçün sürətlənmə müqavimətlə qarşılaşmalıdır. Bu müqavimət mənbəyi hava, bərk və ya maye səthlər ola bilər. Təyyarə havanın ona qarşı müqavimətinə görə G qüvvəsinə məruz qalır. Avtomobiliniz hava və yerin tətbiq etdiyi müqavimət qüvvələrinin komponenti istiqamətində G qüvvəsi yaradır. Lakin orbitdə, kosmik gəmidə olan kosmonavt oturduğu yerin yaratdığı müqavimətə görə yalnız mühərrikləri işə saldıqda G qüvvəsinə məruz qalır. Digər hallarda G qüvvəsi çəkisizdir.


Hal-hazırda Yerin cazibə qüvvəsinin təsiri altındayıq, lakin hiss etdiyimiz 1 g qüvvə bu cazibə qüvvəsinin dolayı nəticəsidir. Ayağımızın altındakı səthin Yerin mərkəzinə doğru düşmə meylimizə qarşı müqaviməti bu G qüvvəsinə səbəb olur. Təyyarədən paraşütlə tullansaq, yaşayacağımız G qüvvəsi havanın bizə qarşı müqavimətindən yaranacaq. Hər hansı bir cismin cazibə qüvvəsinin təsiri altında olarkən müqavimət yaradacaq bir şeylə qarşılaşmasaq, G qüvvəsi hiss etməyəcəyik. Bu vəziyyət sıfır-g adlanır. Buna görə Beynəlxalq Kosmik Stansiyada və ya Apollon missiyalarında olan kosmonavtlar Yerin və ya Ayın cazibə qüvvəsi altında olduqda G qüvvəsi hiss etmirlər. Bu sıfır g vəziyyətində, kosmik gəminin yaratdığı hər hansı bir təkan astronavtlarda sürətlənmə vektorunun əks istiqamətində G qüvvəsi kimi əks olunacaq.


Sizə tətbiq olunan g-qüvvəsi bayaq yazdığımız kimi çəkiyə səbəb olur. Yerdəki çəkiniz 84 kq-dırsa, bu, Ayda 13,9 kq, Marsda 31,6 kq və Yupiterdə 198,5 kq-dır. Kütləniz və yaşadığınız G qüvvəsi çəkiniz olaraq sizə qayıdır. Formul aşağıdakı kimidir:


Çəki = kütlə x (- g-qüvvə)


G qüvvəsindən əvvəl “-” yazılmasının səbəbi G qüvvəsi ilə kütlənin vurulması nəticəsində yaranan çəkinin G qüvvəsinin əks istiqamətində olmasıdır. Ağırlıq yaradan G qüvvəsinə müsbət G qüvvəsi də deyilir. Əks halda mənfi G qüvvəsi yaranır. Sadə bir misal olaraq, avtomobiliniz sürətlənərkən siz müsbət G qüvvəsinə məruz qalırsınız, avtomobiliniz yavaşladıqda isə irəli əyilməyə səbəb olan mənfi G qüvvəsidir.


Mənbə: kozmikanafor.com

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et