Bu gün:

"Bakının mərkəzi küçələrində məhdudiyyətlər..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi nəqliyyat eksperti Rövşən Həsənovdur. O, nəqliyyatdakı sıxlıq barəsində danışıb.

Bakıda tıxacların sayının azaldılması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?


Dünyanın bir çox aparıcı dövlətlərində, xüsusən də, paytaxtlarda bu tıxac problemi mövcuddur. Tıxac problemi məhz bir amildən asılı deyil, burada nəqliyyat vasitələrinin sayından tutmuş, mövcud olan küçə və prospektlərin tikintisindən, enindən və başqa bir çox amillərdən danışmaq olar. Bu aspektdən yanaşaraq onu vurğulamaq istəyərdim ki, sürücülər anlamalıdılar ki, paytaxtın mərkəzində yerləşən küçə və prospektlərə səbəbsiz yerə daxil olmaq, artıq yüklənməyə səbəb olur. Bu zaman sürücülər də həm vaxtlarını və yanacaqlarını itirirlər, həm də boş yerə əsəbləşirlər.

Dünyanın bir çox ölkələrinin paytaxtlarında, meqapolislərində tıxacın qarşısını almaq üçün əsas küçə və ya prospektlərə məhdudiyyətlər tətbiq olunur. Təbii ki, bu məhdudiyyətlər orada fəaliyyət göstərən iaşə obyektlər və sakinlər xaric olmaqla həyata keçirilir. Bu məhdudiyyətlər günün müəyyən saatlarına və ya həftənin müəyyən günlərində həyata keçirilir və qismən də olsa tıxacın qarşısı alınır. Sovetdən qalma tikililər, dar küçələr və bununla yanaşı, artan əhali, nəqliyyat vasitələrinin sayı, tıxacların və sıxlıqların yaranma səbəblərindən bir neçəsidir. Sürücülərimizə də müraciətlə demək istəyərəm ki, artıq pik anlayışı mövcud deyil. Günün bir çox saatlarında Bakının küçələri tıxac və sıxlıqlarla bol olur, səhər tezdən övladlarını məktəbə apararkən belə bacardıqları qədər nəqliyyat vasitələrini icazə verilən yerlərdə və qaydalara uyğun olaraq park etsinlər. Övladınıza olan məhəbbət, övladınızı 3-4 mərtəbədən ibarət olan təhsil müəssisəsinin az qala ikinci-üçüncü mərtəbəsinə qaldırmaqla müşahidə oluna bilməz. Vaxt məhdudiyyətinə gəldikdə isə bir az tez çıxıb, vaxtında övladlarını sıxlıq və tıxac olmadıqda təhlükəsiz şəkildə çatdıra bilərlər. Yerüstü nəqliyyat agentliyi də xronometraj keçirib, dar küçə və prospektləri nəzərə almalıdır. Dar küçəyə sərnişindaşımada fəaliyyət göstərən intensiv xətt üzrə marşrutları müəyyən etmək olmaz, bu iri avtobusların manevr etməsində maneə və digər nəqliyyat vasitələrinin hərəkətində ləngimə ilə müşahidə oluna bilər. 

Bakının baş planına əsasən, mərkəzi küçələrdə məhdudiyyətlərin tətbiq olunması gözlənilir. Bu da tam səmərəlidir və tıxacların qarşısını almaq üçün yaxşı bir yoldur. Əlbəttə ki, bu tıxacın qarşısının alınması üçün keçirilən son tədbir olmayacaq. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et