Bu gün:

"Kirayə müqaviləsi imzalamamaq…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi əmlak eksperti Ramil Qasımzadədir. O, kirayə müqaviləsinin əhəmiyyəti haqqında danışıb. 

Kirayə müqaviləsi imzalamamaq hansı problemlərə yol aça bilər?


Kirayə müqaviləsi bağlamaq çox zəruri bir məsələdir. Həm kirayə verən, həm də kirayə götürən üçün müəyyən üstünlükləri özündə ehtiva edir. İlk növbədə, kirayə verən şəxs kirayə müqaviləsini bağlamaqla qarantlı olur və onun vəsaiti, kirayə haqqı gecikdirilərsə, yaxud da verilməzsə, ev sahibi o şəxsi məhkəməyə verərək kirayə haqqını tələb edə bilər. 

Kirayə verən tərəf müqavilədə evlə bağlı bütün məsələləri, yəni avadanlıqlara zərər gəlməməsini və s. qeyd etdirə bilər. Əgər evlə bağlı hər hansı bir şeyə zərər gələrsə, ev sahibi kirayə götürən tərəfdən onun əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilə bağlandığı zaman kirayə verən tərəf bir çox risklərdən sığortalanmış olur, həm kirayə haqqının ödənilməməsi, həm dəyən ziyan məsələləri, həm də hüquq-mühafizə orqanları tərəfindən keçirilən reydlər zamanı kirayədə olan şəxslərin kirayə müqaviləsinin olub-olmaması yoxlanılır. Bununla əlaqədar olaraq da əgər ev sahibi müqavilə bağlayıbsa, kirayə ilə bağlı bir çox məsuliyyətlərdən azad olur.

Digər tərəfdən, müqavilənin kirayə götürən tərəf üçün də müəyyən üstünlükləri var. Kirayə götürən tərəf müqavilə bağlandığı zaman əmin olur ki, ev sahibi istədiyi vaxt onu evdən çıxarda bilməyəcək, hər hansı bir evi tərk etmək tələbi qoya bilməyəcək, həm də artıq həmin yerdə yaşayış hüququ qazanır və gələcəkdə də polislərin yoxlaması və s. zamanda həmin evdə yaşadığını sübut etmiş olur. Arzuolunandır ki, hər kəs kirayə müqaviləsində sözdə olan bütün danışıqlarını əks etdirsin və rəsmi müqavilə bağlasın.

Bəs nə üçün əksəriyyət kirayə müqaviləsi bağlamaq istəmir? Kirayə verənlər müqavilə bağlanmadığı zaman, 14%-lik vergidən azad olmuş olurlar. Bu 14%-lik vergi, bir qədər yüksəkdir, hesab edirəm ki, bu vergi 5%-ə kimi endirilsə, müqavilə bağlamağa hamı həvəsli olar. Kirayə müqaviləsinin notariat imzalanması da bir qədər bahadır, onun xidmət haqlarının yüksək olması, müqavilədən yayınmağa səbəb ola bilir. Bu müqavilə də digər sənədlər kimi 10-20 manat arası olsa, hər iki tərəf də müqaviləni imzalamağa daha həvəsli olar. Kirayə müqaviləsinin bağlanmasının 110 manat olması, hər iki tərəfə də baha görünür və bu da müqavilədən yayınmağa gətirib çıxarır. 300 manat kirayə haqqı ödəməli olan şəxs 110 manat müqavilə, müəyyən qədər xidmət haqları üçün təxminən 130 manata qədər əlavə xərc çəkmiş olur. Buna görə də, hər iki tərəf bu xərci çəkməmək üçün müqavilədən yayınırlar.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et