Bu gün:

"Qanlı" xəbərlər cəmiyyətə necə təsir edir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti psixoloq Fidan Azərqızıdır. O, KİV-in cəmiyyətə və fərdə psixoloji təsirləri haqqında danışıb.


Televiziyaların və sosial medianın informasiya siyasətində bu gün daha çox kriminala yer ayırmasını və tamaşaçıların da ən çox bu “qanlı” xəbər bloklarına diqqət kəsilməsini psixoloji baxımdan nə ilə əlaqələndirmək olar? 

Sosial mediada olan xəbərləri xüsusi senzuradan keçirə bilmirik. Sosial şəbəkələrdə senzurasız olaraq, istənilən xəbərin istənilən vaxt qarşımıza çıxa bilməsi, bizə müxtəlif psixoloji təsirlər göstərə bilər. 

Cinayətin, intihar xəbərlərinin, hər hansı bir "qanlı" göstərişi olan şəkillərin, videoların bizim qarşımıza çıxması arzuolunmaz olsa da, bu hallarla tez-tez rastlaşırıq. Bu insanlara psixoloji olaraq mənfi təsir edir. Xüsusən, bu tip xəbərlər uşaq və yeniyetmələrin həyatında mühüm rol oynaya bilər. Çünki onlar hələ bir şəxsiyyət kimi tam formalaşmamış olurlar. Onların realda olan "qanlı" və senzurasız bu xəbərləri görməkləri ilə yanaşı, hər hansı bir filmdə şiddət olan səhnələri izləməsi belə, onların gələcəkdə bu şeylərə adi baxmaqlarına və ilk rastlaşacaqları konfliktdə bu addımları atmalarına səbəb ola bilər. 

Yaşca daha böyük insanlarda isə təşvişli insanların həyatlarında narahatlığa səbəb ola bilər, travması olan insanlarda yenidən o hissləri yaşamaq kimi təsir edə bilər. Əgər müşahidə etsək görərik ki, insanların bir çoxu belə hallarla üzləşdikdə bu cümlələri işlədir: Əvvəl belə xəbərlərə baxa bilmirdim, əvvəl mənə daha çox təsir edirdi, indi isə baxsam da, çox təsir etmir.. 

Bunun səbəbi isə artıq bizim cəmiyyətimizdə şiddətin adiləşməyə doğru getməsidir. Hər hansı bir şiddətlə qarşılaşan insanları görəndə, artıq biz kömək etmək yerinə, dayanıb onları seyr edə bilirik. Bu tip xəbərlərdə seçilən başlıqlara və seçilən şəkillərə, video-görüntülərə xüsusi diqqət yetirmək lazımdır. Hadisə yerində çəkilən görüntülərin bütün açıqlığı ilə verilməsi, əlbəttə, izləyən bütün insanlara mənfi təsir edir. "Bu videoya ürəyi zəif olanlar baxmasın" "18 yaş altı heç kəs izləməsin!" başlığı ilə xəbər paylaşmaq çox yanlışdır, çünki insan təbiət olaraq qadağa olunmuş şeylərə daha maraqlı olur və o məzmunlu xəbərlərə baxmağa daha çox meyilli olur. Bəzən sosial verilişlərdə də hadisələri çox detallı araşdırırlar, intiharları, cinayətləri, bütün detalları ilə insanlara göstərirlər, biz bunun qəti əleyhinəyik. Çünki bu bəzən insanlar üçün "model" ola bilir. 

Bu ifadələri tez-tez eşidirik: Biz bu hadisəni detalları ilə göstəririk ki, çox insana dərs olsun, çox insan bu insandan qaçınsın. 

Fəqət bu fikir, tamamilə, yanlışdır. Hər hansı bir şiddətin, cinayətin, intiharın qarşısını almaq istəyiriksə, onu açıq formada göstərmək, detalları ilə insanlara sərgiləmək, düzgün addım deyil. "Bu halların qarşısını necə almaq olar?" sualına cavab axtarmaq üçün, hadisənin detallarına, dərininə enmədən, düzgün seçilmiş, təhsilli, bu sahədə mütəxəssis, ekspert olan insanlarla müzakirələr aparılmalıdır. 

Bu xəbərlərin bizə verdiyi ziyan normallaşdırma və modelləşdirmə olur. Təbii ki, burada ən çox medianın və xəbər saytlarının üzərinə məsuliyyət düşür. Media sahəsində fəaliyyət göstərən insanlar bütün bunlara xüsusi diqqət yetirməlidirlər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et