Bu gün:

D vitamini çatışmazlığının 8 səbəbi


D vitamini çatışmazlığı ölkəmizdə bütün yaş qruplarında və cinslərdə rast gəlinən problemdir. Əslində, “günəşləndiyimə və yaxşı yediyimə baxmayaraq, D vitamini dəyərim çox aşağıdır” deyənlərin sayı kifayət qədər çoxdur.

Orqanizm üçün həyati əhəmiyyət kəsb edən D vitamini çatışmazlığı bir çox xəstəliklə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, bunlardan bəziləri xərçəng, ürək-damar, autoimmun, yoluxucu xəstəliklər və psixoloji problemlərdir. 

D vitamini çatışmazlığı olanda uşaqlarda infeksiyalara meyl artır, immun reaksiya zəifləyir. Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Osman Erk günəş vitamini də adlandırılan D vitamininin qaynaqlarını, bu vitaminin faydalarını və çatışmazlığına səbəb olan amilləri belə izah edib:

Bu əlamətlərə diqqət yetirin!

D vitamini çatışmazlığında; Yerimə çətinliyi, sümük ağrısı, saç tökülməsi, baş ağrısı, depressiya, əhvalın dəyişməsi, yuxusuzluq, gözaltında olan göyərmələr, həddindən artıq tərləmə, arıqlamaqda çətinlik, daimi üşütmə kimi əlamətlər meydana çıxır. Bəzən heç bir əlamət göstərməyə bilər.

Niyə belə ümumi problemdir?

Ölkəmizdə ümumi problem olan D vitamini çatışmazlığının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

1- Çağımızın ən çox rast gəlinən xəstəliklərindən biri olan piylənmə D vitamini çatışmazlığına səbəb olur. Çünki yağ hüceyrələri bu vitamini qəbul edir və istifadəsinə imkan vermir.

2- Uzun müddət qapalı yerlərdə olmaq D vitamini çatışmazlığına səbəb olur.

3- D vitamini çatışmazlığının əhəmiyyətli səbəblərindən biri də havanın çirklənməsidir. Çirklənmiş hava D vitamini sintezi üçün lazım olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır.

4- Tünd dəri rənginə sahib olanlar açıq dəriyə sahib olanlara nisbətən daha az D vitamini istehsal edirlər. Buna görə də bir az daha günəş vannası qəbul etməlidirlər.

5- Yaşla dəri daha az D vitamini sintez edir. Bu, qida çatışmazlığı ilə yanaşı, yaşlılarda D vitamini çatışmazlığının ən əhəmiyyətli səbəbidir.

6-  Xoralı kolit, Crohn, Dağınıq Skleroz  kimi immun sistemin səbəb olduğu xəstəliklərdə D vitamini çatışmazlığına rast gəlinir.

7- İllərdir istifadə edilən pestisidlər bədəndə D vitamini sintez edən bir fermenti də bloklayır.

8- Vərəm və epilepsiya dərmanlarından istifadə edənlər də D vitamini çatışmazlığı riski altındadır.

Qidalar D vitamini ehtiyacını ödəyirmi?

Heyvan və bitki qidaları D vitamini ehtiyacını ödəyə bilməz. Araşdırmalar göstərir ki, orta hesabla insan D vitamini ehtiyacının yalnız 20 faizini qida ilə alır. Balıq yağı, qızılbalıq, skumbriya, kambala, siyənək, tuna balığı, süd, pendir, yağ, qaymaq, yumurta sarısı D vitamini olan əsas qidalardır.

Necə saxlaya bilərik?

Xüsusilə günəş şüalarının dünyaya şaquli şəkildə çatdığı saat 11.00-15.00 arasında qoruyucu krem istifadə etmədən 15-20 dəqiqə günəş vannası qəbul etmək kifayət qədər D vitamininin yığılmasını təmin edir. Digər tərəfdən, yığılan bu vitamin il boyu ehtiyacı ödəyə bilmir. Yay aylarından kənarda günəş şüalarına məruz qalmaq sağlamlıq üçün faydalıdır.

Bədən üçün faydaları

D vitamini çatışmazlığı uşaqlarda sümük zəifliyinə səbəb olan raxit, böyüklərdə isə əzələ zəifliyinə və sümüklərin yumşalmasına səbəb olan “osteomalaziya”ya səbəb olur. D vitamini çatışmazlığının depressiyaya səbəb ola biləcəyinə dair güclü sübutlar var. Məlumdur ki, uşaqlıq və yeniyetməlik dövründə günəş işığı və qida ilə kifayət qədər D vitamini qəbul etdikdə süd vəzi, kolon, prostat və qan xərçəngi (leykemiya) riski azalır. Vitamin D astma, allergiya, hipertoniya, ürək çatışmazlığı, serebral iflic, Parkinson, demans xəstəliklərin riskini azaldır.

 Bu vitaminin piylənmə və şəkər xəstəliyinə qarşı qoruyucu təsiri olduğu müəyyən edilmişdir. Qış aylarında pnevmoniya və qrip kimi xəstəliklərin və ölüm hallarının artması D vitamini çatışmazlığı ilə əlaqələndirilir. D vitamini səviyyələri qanda 25 (OH) D vitamininin təyini ilə asanlıqla müəyyən edilə bilər. Xüsusilə qış aylarında D vitamini səviyyələri təyin edilməli və lazım gələrsə həkim nəzarəti altında əlavələr qəbul edilməlidir.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili




Paylaş
Şərh əlavə et