24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi ruhsal müşahidəçi, spiritual mentor Aytac Cəfərovadır. O, çakralar haqqında danışıb.
-Sizcə, beyinin müxtəlif bölgələrində yerləşən çakraların həyatımızda nə kimi rolu var və çakraların şəfalanması üçün nələr etmək mümkündündür?

“Çakra” bədənə enerji ötürən mərkəzlər hesab olunur. Sanki təkrar-təkrar enerji ilə doldurula bilən batareyadır. Sayları çox olsa da, 7-si əsasdır. “Çakra” adlanan giriş qapıları tıxandıqda bədənə axan enerjilər də limitlənir. Bu da fiziki və mənəvi narahatlıqlara səbəb olur. Son zamanlar bir çox yerlərdə “çakran bağlıdır, çakraları aç” ifadəsinə rast gəlirik, bu isə doğru yanaşma deyil. Çakralar bağlanmır, sadəcə disbalansda ola bilər. Mütəmadi əsəb, stress, qorxu, gərginlik kimi neqativ duyğu və düşüncələr “çakra”balansına zərər verə bilir. Çakraları balansa gətirmək sağlam olmaq deməkdir. Çünki biz yalnız ət və sümükdən ibarət bir varlıq deyilik.
Fiziki bədənin rahatlığı enerji axışıyla əlaqəlidir. Müəyyən metodlarla enerji mərkəzlərimizi balanslaşdıra bilərik. Bu metodlardan bir neçəsini qısa şəkildə qeyd edək:
1. Səs terapiyası: Hər çakranın özünə aid səs frekansını, affirmasiyalarını dinləyərək müvafiq çakranın balansına dəstək ola bilərik.
2. Rəng terapiyası: Balanslaşdırmaq istədiyimiz çakranın müvafiq rəngindən istifadə edə bilərik. Məsələn: kommunikasiya, özünü ifadə etmə bacarığını idarə edən Boğaz Çakrasının (Vishuddha) rəngi mavidir.
3. Təbii daş terapiyası: Şəfanın özü təbiətdədir, qatqı olmadan əldə edilən təbii daşların enerjisindən çakra balanslaşdırmaqda rahat şəkildə istifadə edə bilərik. Məsələn: məmnuniyyət və kreativliyi idarə edən Sakral Çakranı (Svadhisthana) balansa gətirmək üçün təbii ay daşından istifadə edə bilərik.
4. Aromaterapiya: Xoş bir şeyin qoxusunu hiss etdiyimiz zaman təbii olaraq bir canlanma gəlməsi təsadüf deyil. Hər bir çakra üçün də müvafiq yağlar, qoxular tövsiyə olunur. Məsələn: lavanda, yasəmən, nanə kimi bitki əsaslı yağlarla masaj etmək, onu qoxlamaq müvafiq çakranın balansına dəstək olur.
5. Nəfəs texnikası: Yaşamın qaynağı olan nəfəsdən doğru istifadə edərək çakra balansına dəstək ola bilərik. Sadəcə nəfəsə diqqəti vermək belə zehni rahatlığa vasitə olur.
Bu metodlar yoga kimi fiziki hərəkətlərlə, ruhani təcrübələr ilə özümüzə vaxt ayıranda enerjimiz güclənir, çakralarımız balanslaşır. Sən ruhunu bəslədikcə maddi və mənəvi harmoniya da səni izləyir. Terapiya hər zaman ruhundadır.
Aynur Mikayılova
