Bir insanın yuxu cədvəli sirkadiyalı ritmləri ilə sıx bağlıdır. Bu ritmlər hər 24 saatda bir təkrarlanan təbii fiziki proseslərdir. Ancaq yuxu-oyanma rejimi sağlam həyat tərzinə töhfə verirmi? O qədər də sadə deyil. Bir sıra tədqiqatlar daha gec yatmağın müxtəlif sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərib. Bunun əsas səbəbi gec yatmağa meylli insanların erkən oyanmalı olduqda yuxu borcu yığmalarıdır. İş və məktəbin erkən başlaması gecə oyaq qalan insanların yuxu rejimi ilə uyğunsuzluq yaradır ki, bu da onların sağlamlığına və fəaliyyətinə mənfi təsir göstərə bilər.
Kifayət qədər yuxu almayan insanlar ürək xəstəlikləri, yüksək qan təzyiqi, şəkərli diabet, narahatlıq, depressiya, hətta qəzalar və xəsarətlər üçün daha yüksək risk altındadır. Bu baxımdan, erkən oyanmaq həqiqətən sağlamlığa fayda verə bilər. Summa Health erkən oyanmağın dörd əsas faydasını və gec yatan insanların bu vərdişi necə dəyişə biləcəyini izah edir.
1.Psixi sağlamlığın gücləndirilməsi
Bir çox araşdırmalar göstərir ki, erkən oyanan insanlarda depressiya, narahatlıq və digər əhval pozğunluqlarının inkişaf etmə ehtimalı daha azdır. Bunun səbəblərindən biri, onların təbii əhval-ruhiyyəni yaxşılaşdıran gün işığından daha çox faydalanmasıdır. Üstəlik, səhərlər insanın özü üçün daha çox vaxtı olur – istər idman etmək, istər gününü planlaşdırmaq, istərsə də sakit bir fincan qəhvə içmək. Bütün bunlar stressin azalmasına kömək edir.
2. Sağlam səhər yeməyi imkanı
Erkən oyanmaq insanın sağlam səhər yeməyi yeməsinə daha çox vaxt qazandırır. Əks halda, insanlar ya tələsik qeyri-sağlam qidalar seçir, ya da səhər yeməyindən tamamilə imtina edirlər. Halbuki səhər yeməyi vacibdir – o, enerji səviyyəsini artırır, ayıqlığı yüksəldir və bədəni gecə orucundan sonra yenidən qidalandırır.
3. Yüksək məhsuldarlıq və performans
Beyin insan yuxudan oyanan kimi tam fəaliyyətə başlamır. Buna görə də insanlar səhərlər halsız hiss edə bilirlər. Tədqiqatlar göstərir ki, yuxu ətaləti adlanan bu vəziyyət iki-dörd saat arası davam edə bilər. Erkən oyanmaq bədənin tam ayılması və günün əvvəlində daha məhsuldar olmaq üçün vaxt qazandırır. Bu, enerji səviyyəsinin, zehni aydınlığın və diqqət cəmləmənin artmasına kömək edir.
4. Daha keyfiyyətli yuxu və sağlamlıq faydaları
Tez yatıb, tez qalxmaq yuxunun keyfiyyətini yaxşılaşdırır. Əgər insan daha erkən oyanırsa, gecə də daha tez yatmağa meylli olur ki, bu da yuxunun dövriliyini tənzimləyir. Keyfiyyətli yuxu isə psixi sağlamlığı gücləndirir, beyin funksiyalarını iti saxlayır, immun sistemini möhkəmləndirir və xroniki xəstəliklərin riskini azaldır.
Bütün bu faydaları nəzərə alaraq, mürgüləmə düyməsini unutmaq və günə daha erkən başlamaq sağlamlığınız üçün ən yaxşı addımlardan biri ola bilər!
Mənbə: summahealth.org
Tərcümə etdi: Ləman Xəqani
