Bu gün:

Toulmouşe - İstəksiz gəlin


24media.az "İncəsənətin inciləri" rubrikasına qəribə və vahiməli görünüşü ilə insanları heyrətə gətirən, XIX əsrin nümunəsi "İstəksiz gəlin" əsəri ilə davam edir.

Toulmouşenin rəsmləri, ümumiyyətlə, yalnız bir və ya iki qadının təsviri ilə tanınır. Bu rəsmdə istəksiz gəlinimizdən başqa müxtəlif yaşlarda olan daha üç qadın var. Beləliklə, təhlil ediləcək daha çox obraz var ki, bu da əslində səhnəyə fərqli bir mürəkkəblik əlavə edir.

O zamanlar Kraliça Viktoriya gəlinlik rəngi kimi ağ rəngi məşhurlaşdırmışdı. Bu rəsmdə gəlini gözəl ağ ipək gəlinlik və ayaqqabı geyinmiş görürük. Bundan əlavə, o, mərasim üçün kiçik bir buket tutur. Onun tablonun mərkəzində durması, paltarının rəngi və ifadəsi dərhal izləyicinin diqqətini cəlb edir.

Rəsmdə təsvir olunan bu gəlin o dövrün sosial normalarını və moda meyllərini əks etdirən ənənəvi gəlinlikdə təmsil olunub. Toulmouşenin ustalığı həm də detallı kostyumlar və fiqurların incə ifadələrini göstərmək bacarığı ilə diqqət çəkir. Bundan əlavə, rəsmdəki digər qadın fiqurları müxtəlif yaş qruplarından olan gəlinlə əlaqələndirilərək səhnəyə daha da dərinlik və zənginlik qatır. 

Rəsmdə görünən qadın fiqurları gəlinin dostları və ya ona təsəlli vermək üçün orada olan yaxın qohumları ola bilər. Lakin şəkildəki detallar və onun vizual təhlili bu qadınların gəlinin bacısı olduğunu düşünməyə vadar edir. Sağ tərəfdə dayanan qadın gəlinin yanağından öpərək onu təsəlli etməyə çalışır. Bu jest yaxın bir əlaqə və səmimilik əlaməti kimi görünür. 

Əlavə olaraq deyə bilərik ki, o, bənövşəyi ipək paltarı və qəhvəyi şal ilə kifayət qədər zərif və göz oxşayan görsənir. Bu, qadının gəlinlə xüsusi bir günü bölüşmək üçün diqqətlə hazırlandığını göstərir.

Sol tərəfdə diz çökmüş digər qadın isə gəlinin əlini sıxıb birbaşa ona baxaraq empatiya nümayiş etdirir. Bu münasibət dərin bir emosional bağın mövcudluğunu göstərə bilər. Onun qara kürklü qırmızı məxmər libası ilə diqqət çəkən fiqur olması, rəsmin rəng palitrasına zənginlik qatması onun xüsusi qonaq olduğunu və gəlinin emosional durumunu dəstəkləməyə gəldiyini göstərə bilər.

Toulmouşe, görünür, çəhrayı ipək paltarda dördüncü qızı da əlavə etməklə səhnəyə daha çox dərinlik qatmaq niyyətindədir. Rəsmdə bu qızın olması əslində səhnəyə həzinlik qatır və onun gəlinin kiçik bacısı rolunu öz üzərinə götürdüyünü göstərir.

Bu gənc qız, deyəsən, gəlinin mübarizəsindən xəbərsizdir. Əksinə, sağ tərəfdəki güzgüdə gül tacına heyran olması onun toy gününü xəyal etdiyini və ətrafındakı ictimai öhdəliklərdən xəbərsiz olduğunu göstərə bilər. Şəklin fonunda, ehtimal ki, gəlin otağına aid olan dəbdəbəli detallar görünür. Solda qızıl çərçivəli güzgü, saat, şam və banka kimi dəbdəbəli əşyalar var. Naxışlı yastıqları olan stul da diqqət çəkir. Onların arxasında qrupu çərçivəyə salan çiçək naxışlı qobelen var. Bu dekorasiya XIX əsrin interyer dizaynının ümumi elementidir, səhnənin zənginliyini və incəliyini vurğulayır. 

Keçmişdən günümüzə emosional və simvolik zənginliyi ilə gələn “İstəksiz gəlin” bir daha sənətin qadın hekayələrini izah etmək gücünü ortaya qoyur. Çünki bu, sadəcə bir şəkil deyil, həm də müasir feminist hərəkatın və qadın qəzəbinin simvoludur. Nəticə etibarı ilə rahatlıqla deyə bilərik ki, bu tablo qadınların emosional yaşantılarına, ictimai mübarizələrinə toxunan, düşündürücü, təsirli və ilhamverici bir sənət əsəri kimi bundan sonra da yaddaşlarda qalacaq.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://wannart.com/icerik/44438-modern-feminizmde-sanatin-rolu-toulmoucheun-tablosu-ve-female-rage

Paylaş
Şərh əlavə et