Bu gün:

“Ebru sənəti yeganə canlı sənətdir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi ebru ustası Sevinc Əlidir. O, ebru sənəti haqqında danışıb.    


-Sizcə, ebru sənəti nədir və bu sənətlə məşğul olmaq üçün nələrə dərindən yiyələnmək lazımdır?    



Ebru sənəti xəttatların yaratdığı kağız bəzəmə sənətidir. Su və torpaqdan alınan boyalar vasitəsilə yaranan naxışların üzərində yazılar yazar, həmin kağızlarla hətta kitabların üzlüyündə istifadə edərdilər. Deyərdim ki, ebru sənəti yeganə canlı sənətdir. Digər sənət növlərindən fərqli olaraq, bu sənət  suyun üzərində yaradılır. Ebru sənətini öyrənmək üçün səbr və sevgi tələb olunur. Çünki onun boyalarını hazırlamaq asan deyil. Siz özünəməxsus naxışları ərsəyə gətirmək üçün həm fırça, həm də biz aləti ilə işləmə qaydasını gözəl bacarmalısınız. Fırça ilə suyun üzərinə səpilən boyalar bulud forması alır. Keçmişdə heç bir müdaxilə olunmadan bu formada kağıza köçürər və buludvari kağız üzərində xəttatlar yazılar yazardılar. Bu sənəti öyrənmək üçün əvvəlcə, yaranma səbəbini anlamaq və qaydalarını pozmadan yaşatmaq gərəkdir.


Ebru sənəti Türküstan sənəti hesab olunur. Bu sənəti yalnız türk xalqları yaşadıb. Ehtimallara görə, 8-9-cu əsrlərdə Buxara şəhərində yaranıb. Araşdırmalarıma görə, bu sənəti tətbiq edən Cənubi Azərbaycanda Təbriz xəttatları olub. Təxminən 11-12-ci əsrlərdə bu sənət Şimali Azərbaycanda da yaranıb. Hətta Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında bir misra ilə ebru sənətindən bəhs edib.     

 

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et