24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi tanınmış naşir, yazıçı və tərcüməçi, Şahbaz Xuduoğludur. O, “Qanun” Nəşriyyat Evinin çap prosesindən danışıb.
-“Qanun” Nəşriyyat Evinin digər nəşriyyat evlərindən üstün cəhətləri nələrdir və çap prosesi necə baş verir?

Mən üstün deməzdim, lakin fərqli tərəflərimiz çoxdur. Çünki biz daha çox kitab nəşr olunmasının tərəfdarıyıq. Müxtəlif çeşid və sahələri əhatə edirik. Azərbaycan dilində kitablara həddindən artıq ehtiyac var. Biz çalışırıq ki, hər bir sahədə kitablar nəşr edək. Bu mənada bizim sürətimiz üstündür. Böyük bir kollektivlə çalışırıq. Yəni nəşriyyat “sadəcə adı var, bir redaktor, korrektor var” bunlardan ibarət deyil. 120-dən çox işləyən insan var. Oxucular bizdən gündəlik yeni kitab gözləyirlər və biz də çalışırıq ki, o yeni kitabı təqdim edək. Əsas hədəfimiz kitabın maraqlı, keyfiyyətli olması və oxucunun kitabı oxuyarkən ləzzət alması, yeni nəsə öyrənməsidir.
Kitab yazan insan düşünməlidir ki, əsas yazmaqdır. O kitabı yazır, bizə təqdim edir. Biz isə kitabı gözdən keçirdir, keyfiyyətinə baxır, korrektora, redaktora, dizaynerə təqdim edirik. Sonra isə çap və yayım prosesi baş verir. Bütün bu prosesləri çox böyük sürətlə və məsuliyyətlə edirik. Son olaraq, kitabın təqdimatını həyata keçirdirik. Biz sosial medialar, sayt üzərindən, eyni zamanda, sərgilər zamanı kitabı təqdim edirik. Təki kitab yazılsın, qalan işlər bizlikdir.
Gülnisə Əfkari
